Pendir yüksək qidalı südlü məhsullardan hesab edilir. Lakin pendir alarkən, keyfiyyətinə xüsusi diqqət etmək lazımdır.
Qədim dövrlərdən başlayaraq insanlar südün saxlanma müddətini artırmaq və uzaq məsafələrə daşınmasını təmin etmək üçün müxtəlif növ məhsullar hazırlayıblar. Belə məhsullardan biri də pendirdir. Pendirin hazırlanması ilə bağlı ilk izlər şumerlərə aiddir. Qədim mənbələrdən bəlli olur ki, ilk pendir İskit türkləri tərəfindən madyan südündən turşudulma yolu ilə alınıb.
Günümüzdə də demək olar ki, dünyanın hər yerində pendirin müxtəlif növləri istehsal edilir və hər kəs tərəfindən sevə-sevə istehlak edilir. Lakin pendir alarkən keyfiyyətlisini müəyyən etmək üçün diqqət etməli bir çox məqamlar var.
Mövzu ilə bağlı Bugun.tv-nin araşdırmasını təqdim edirik.
İtaliyalı fermer Alessandro Qalisto deyir ki, əsas xammalı süddən alınan pendir yüksək qidalılıq dəyəri ilə seçilir. Satışda bərk, yarımbərk, yumşaq, toz və krem formasında təqdim edilən pendir növləri mövcuddur. Qablaşdırılmış pendir alarkən mütləq qabın üzərindəki etiket məlumatlarına nəzər yetirmək lazımdır.
Saxlanma şəraiti ilə yanaşı, həmin məhsulun tərkibinə də diqqət etməliyik. Öncə istehlakçılar bilməlidilər ki, pendirin keyfiyyətinin yüksək olması,onun tərkibindəki südün faiz etibarı ilə çox olmasından asılıdır.
Açıq şəkildə satışı həyata keçirilən pendirləri alarkən xüsusilə diqqətli olmalıyıq.
“Pendirlər adətən duzlu suyun və yaxud da pendirin öz zərdabı içərisində satışa təqdim edilir. Bu zaman onun üzərinin şəffaf, rənginin bircins olmasına fikir verməliyik. Eyni zamanda, saxlandığı suyu rənginə də diqqət yetirməliyik. Çünki bu birbaşa olaraq həmin məhsulun artıq xarab olması, kif və maya göbələklərinin o məhsulun içərisində inkişaf etməsinə işarə kimi göstərilə bilər”,- Alessandro qeyd edib.
Bərk pendirlərin tərkibində kalsiumun miqdarı çox olduğuna görə yumşaq pendirlərə nisbətən, gec xarab olur. Bu, həm də məhsulun tərkibinin zənginliyi və südündən istifadə olunan heyvanın cinsinə görə dəyişir.
İtaliyalı fermer deyir ki, kiçik sahibkarlar südün yağını südçəkən aparatla alıb, sonra bu süddən pendir hazırlayırlar. Belə olduğu halda, pendirin keyfiyyəti aşağı düşür. Bəzi hallarda isə, yağı alınmış südə ucuz bitki yağı əlavə edirlər. Bu zaman ikiqat gəlir əldə etmiş olurlar. Bu cür pendirləri digərindən ayırd ermək üçün mütləq dadına baxmaq lazımdır. Təəssüf ki, bunu adi gözlə görmək çox çətindir. Ancaq laborator şəraitdə bunu çox rahat analiz etmək olar. Mütəmadi pendir yeyən insanlar bunun digər pendirlərdən fərqini rahat şəkildə bilirlər.
“Pendir alarkən onun üzərində olan qabarcıqlara, yəni məsamələrinə də diqqət etməliyik. Məsamələrin böyük olması, pendirlərin istehsalı zamanı texnoloji proseslərin düzgün aparılmadığından xəbər verir. Ona görə də mütəxəssislər belə məhsulu almamağı tövsiyə edirlər. Pendirləri aldıqdan sonra saxlanmasına da mütləq diqqət etməliyik. Onu soyuducuda üzəri kip bağlanmış qablarda saxlanmlı, suyunun təmizliyinə xüsusi fikir verməliyik”,- Alessandro bildirib.