Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov Prezident İlham Əliyevin imzaladığı “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam çərçivəsində bütün növ əmək pensiyalarının artırıldığını bildirib.
Deputat öz şərhində qeyd edib ki, vahid indeksasiya sistemi ilə bütün əmək pensiya alan vətəndaşların pensiya məbləğləri hər il yanvar ayında əvvəlki ilin orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq artırılır.
Vüqar Bayramov artımın hesablanma qaydasını belə izah edib: “Pensiya məbləği X İndeksasiya faizi = Artırılmış məbləğ. Məsələn, pensiyası 550 manat olan vətəndaş üçün artım 550 X 9,3 % = 51,15 manat olacaq və yeni pensiya məbləği 601,15 manat təşkil edəcək. Eyni zamanda 400 manat pensiya alan vətəndaşın yeni məbləği isə 437,2 manat olacaq”.
Deputat vurğulayıb ki, indeksləşdirmə bütün əmək pensiyalarına – yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə olan pensiyalara şamil olunur. Onun sözlərinə görə, pensiya növündən asılı olmayaraq hər bir vətəndaşın məbləği tam indeksasiya faizi nəzərə alınmaqla artırılacaq.
