19 C
Baku
28 İyun 2025, 6:04
Baş xəbər

Peşəkar ingilis dili müəllimi ilə müsahibə: “Tədris təcrübəsi, sertifikatlar və strategiyalar”

Müsahibimiz ingilis dili üzrə 12 illik təcrübəyə malik peşəkar müəllim Təranə Quliyevadır. O, İELTS və TOEFL imtahanlarına hazırlıq sahəsində ixtisaslaşmış, bu sahədə yüzlərlə tələbəyə uğur qazandırmışdır.

Təranə xanım həmçinin beynəlxalq tanınmış DELTA, CELTA, və TESOL sertifikatlarına sahibdir. Bu sertifikatlar onun peşəkar bacarıqlarının və metodoloji biliklərinin sübutudur.

– Bildiyimə görə, sizin 12 illik müəllimlik təcrübəniz var. Bu illər ərzində sizə ən çox çətinlik yaradan yaş qrupu hansıdır və niyə?

– Müxtəlif yaş qrupları ilə çalışmışam, lakin ən çox diqqət tələb edənlər ibtidai sinif şagirdləridir. Onların dərsə fokuslanmasını təmin etmək, motivasiyanı qorumaq və dərsi maraqlı formada – oyunlar və vizual materiallarla – təqdim etmək vacibdir. Bu yaşda uşaqların fərdi ehtiyaclarına uyğunlaşmaq vaxt alır, amma nəticədə bu, böyük məmnunluq yaradır.

– Akademik İngilis dili ilə ümumi İngilis dili tədrisi arasında hansı əsas fərqləri müşahidə etmisiniz?

– Akademik İngilis dili tələbəyə tədqiqat yazmaq, rəsmi təqdimatlar etmək və elmi mətnləri analiz etmək kimi bacarıqlar qazandırır. Ümumi İngilis dili isə gündəlik ünsiyyət və praktik situasiyalar üçün nəzərdə tutulub. Akademik dil daha strukturlaşdırılmış və terminoloji baxımdan zəngindir, bu da dərs planlaşdırmasını fərqli edir.

– IELTS və TOEFL hazırlığında hansı strategiyanı daha effektiv hesab edirsiniz?

– Ən effektiv yanaşma tələbənin güclü və zəif tərəflərini ilkin mərhələdə müəyyənləşdirib fərdi hazırlıq planı qurmaqdır. Dinləmə və oxuma üçün vaxtın idarə olunması və sınaq testləri vacibdir. Yazı və danışıq sahəsində isə struktur və inam üzərində işləyirəm. Hər dərsdən sonra ətraflı geribildirim verərək inkişafı izləyirəm.

– SAT imtahanı üçün hazırlıq zamanı hansı bölməyə daha çox diqqət ayırmaq lazımdır?

– SAT imtahanına hazırlıq keçməsəm də, bu imtahanla bağlı ətraflı məlumata malikəm. Ən çətin hissələrdən biri “Reading Comprehension” və “Writing & Language” bölmələridir. Bu hissələr təkcə dil biliklərini deyil, həm də analitik düşüncə və detallara diqqət tələb edir. Bu sahədə uğur üçün söz ehtiyatı və qrammatik biliklərin güclü olması vacibdir.

– CELTA, DELTA və TESOL sertifikatlarından sizin üçün ən çətin olanı hansıdır və niyə?

– DELTA ən çətin və eyni zamanda ən inkişaf etdirici mərhələ olub. Bu sertifikat dərin nəzəri bilik və təhlil tələb edir. Dərslərin strukturlaşdırılması, metodların seçilməsi və tətbiqi üzrə geniş bilik qazandırır və müəllimdən daha elmi yanaşma gözlənilir.

– Bu sertifikatlar sizin tədris metodikanıza necə təsir edib?

– Sertifikatlar dərslərimi daha məqsədyönlü və tələbəyə uyğun şəkildə planlamağa yardım edib. Müasir metodlar, fərdi öyrənmə tərzlərinə uyğunlaşma və dərs zamanı refleksiya artıq tədrisimin əsas elementləridir.

– Sizcə, bu sertifikatlar müəllimin keyfiyyətini nə dərəcədə müəyyən edir?

– Bu sertifikatlar müəllimin özünü inkişaf etdirmə səviyyəsini göstərir. Amma müəllimin peşəkarlığını daha çox onun praktiki dərs bacarığı müəyyən edir. Sertifikatlar isə beynəlxalq metodologiyalara çıxış və güvən qazandırır.

– Tələbələrin inkişafını izləmək üçün hansı üsullardan istifadə edirsiniz?

– Formativ qiymətləndirmə, rubrikalar, fərdi portfoliolar və dərs sonu geribildirimlərlə tələbələrin inkişaf trayektoriyasını izləyirəm. Eyni zamanda valideynlərlə koordinasiyalı şəkildə işləyirəm.

– Yüksək nəticə göstərən tələbələrin uğur səbəbi nədir?

– Əsas səbəb tələbənin motivasiyası və ardıcıl zəhmətidir. Lakin düzgün yönləndirmə, strukturlaşdırılmış dərs planı və səmərəli geribildirim olmadan bu nəticə əldə edilə bilməz. Tələbə və müəllim arasında inam və hörmət də bu prosesin vacib hissəsidir.

– Qiymətləndirmədə obyektivliyi necə təmin edirsiniz?

– Qiymətləndirmə əvvəlcədən müəyyən edilmiş ölçü meyarları, rubrikalar və bəzən anonim yoxlama üsulu ilə həyata keçirilir. Hər zaman tələbələrə bu meyarları öncədən izah edirəm ki, nəticə şəffaf və ədalətli olsun.

Mənbə: Haqq.az

Aynur Camal

Oxşar xəbərlər

Qaçaq FETÖ-çü tutuldu

Kəmalə Sultan

Prezident Ərdoğan Vladimir Putinlə danışdı

Teymur Əziz

Memorandumuna əsasən bizə daha 5 minaaxtaran it verilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu