Macarıstanda keçirilən parlament seçkilərində qalib gələn “Tisza” partiyasının lideri Peter Magyar Rusiyaya münasibəti ilə bağlı açıqlamalar verib.
Məlumata əsasən, seçki kampaniyası dövründə Magyar Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsinin tərəfdarı kimi çıxış edib və Rusiya ilə münasibətlərin müəyyən qədər azaldılmasını təklif edib. O, xüsusilə enerji sahəsində alternativlərin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Bununla yanaşı, siyasətçi Rusiyadan tam imtinanın mümkün olmadığını, bu resursların ehtiyat variant kimi saxlanmasının zəruri olduğunu bildirib. Magyar həmçinin Rusiyanın “Rosatom” şirkətinin iştirakı ilə həyata keçirilən “Paks-2” AES layihəsinə də toxunub, lakin bu layihə ilə bağlı yekun mövqeyini açıqlamayıb.
Seçkilərdən sonra isə onun ritorikasında müəyyən dəyişiklik müşahidə olunub. Magyar bildirib ki, ölkəsinin coğrafi və iqtisadi reallıqları nəzərə alınaraq Vladimir Putin ilə danışıqlar aparmaq zəruridir.
“Biz Rusiya prezidenti ilə danışıqlar masasına oturmalı olacağıq. Coğrafiya dəyişmir və enerji asılılığı qalır”, – deyə o qeyd edib.
Bununla belə, Magyar Rusiyayla dostluq münasibətləri qurmaq niyyətində olmadığını, lakin qarşılıqlı iqtisadi əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin danışıqlarda üçüncü tərəflərin maraqlarını deyil, yalnız Macarıstanın milli maraqlarını əsas götürəcəyini bildirib.
Qeyd edək ki, 12 aprel tarixində keçirilən seçkilərdə “Tisza” partiyası parlamentdə çoxluğu qazanaraq hökumət qurmaq hüququ əldə edib.
Mənbə: mail.ru
