Bugun.Tv xəbər verir ki, alimlər pinqvinlərin ifrazatının Antarktida qarının əriməsinə təsir göstərə biləcəyini müəyyən ediblər. Araşdırmaya əsasən, quşların ifrazatı qar üzərində yaşayan mikroskopik yosunların inkişafını sürətləndirir və qarın günəş şüalarını daha çox udmasına şərait yaradır.
“The Guardian”ın məlumatına görə, Kolorado Universitetinin alimləri Qərbi Antarktida yarımadasında pinqvin koloniyalarının yaxınlığında və onlardan uzaqda qar nümunələri toplayıblar.
Tədqiqat zamanı müəyyən edilib ki, pinqvinlərin ifrazatında olan qida maddələri yosunların daha sürətlə çoxalmasına kömək edir. Qida maddələri az olduqda yosunlar qırmızı piqmentlər əmələ gətirir, zəngin mühitdə isə yaşıl xlorofillə üstünlük verirlər.
Yaşıl yosunlarla zəngin qar günəş enerjisini daha çox udduğu üçün daha tez əriyir. Alimlər bildirirlər ki, bu təsir Antarktida qarının əriməsi ilə bağlı mövcud proqnozlarda hələ tam nəzərə alınmayıb.
Tədqiqatçılar pinqvinlərin dəyişən iqlim şəraitində daha cənub ərazilərə yayılmasının bu prosesin təsirini genişləndirə biləcəyini düşünürlər.
Mənbə: The Guardian
