Ev heyvanı saxlayan bir çox insan pişiyinin günün böyük hissəsini yatdığını müşahidə edir. Mütəxəssislər bildirir ki, bu davranış əksər hallarda normal hesab olunur və pişiklərin təbii həyat ritmi ilə bağlıdır.
Araşdırmalara görə, yetkin pişik gündə orta hesabla 12–16 saat, bəzi hallarda isə daha çox yata bilər. Bu, onların vəhşi təbiətdən gələn instinktləri ilə izah olunur. Pişiklər qısa müddətli aktivlik və uzun istirahət dövrləri ilə yaşayan yırtıcıların nəslindən gəldiyi üçün enerji toplamaq məqsədilə çox yatırlar.
Mütəxəssislər qeyd edir ki, pişiklərin yuxusu dərin olmur – onlar əsasən mürgüləyir və istənilən səsə və ya hərəkətə dərhal reaksiya verə bilirlər. Bu xüsusiyyət də vəhşi mühitdə daim ayıq qalmaq ehtiyacından irəli gəlir.

Yuxu müddəti pişiyin yaşından və həyat tərzindən də asılıdır.
Balaca və yaşlı pişiklər daha çox yatır. Eyni zamanda, ev şəraitində yaşayan və kifayət qədər oyun və stimul olmayan pişiklər darıxdıqları üçün daha çox yuxuya meylli olurlar. Hava şəraiti və mövsüm də bu prosesə təsir edir – soyuq aylarda pişiklər daha passiv olur.
Mütəxəssislərin fikrincə, əgər pişik normal qidalanır, oynayır və sahibinə reaksiya verirsə, narahatlığa əsas yoxdur. Lakin heyvanın birdən-birə həddindən artıq halsızlaşması, iştahasının azalması və ya ünsiyyətdən qaçması sağlamlıq problemi əlaməti ola bilər.
Pişiyin sağlam və balanslı həyat tərzi üçün ona rahat istirahət yeri və aktiv vaxtlarında kifayət qədər oyun imkanları yaratmaq tövsiyə olunur. İnteraktiv oyuncaqlar və hərəkətli məşğuliyyətlər pişiyin həm fiziki, həm də psixoloji vəziyyətini yaxşılaşdırır.

Mənbə: mail.ru
