Politoloq Aqil Məmmədov Türkiyədə fəaliyyət göstərən Toplum Çalışmaları İnstitutunun apardığı sosial araşdırmanın nəticələrinə münasibət bildirib. O, mövzu ilə bağlı fikirlərini sosial media hesabında paylaşıb.
Aqil Məmmədov qeyd edib ki, araşdırmanın bəzi məqamları Türkiyənin daxili məsələsi olduğundan onların müzakirəsi məqsədəuyğun olmasa da, təqdim olunan müəyyən göstəricilər Azərbaycanda da diqqətəlayiq ola bilər.
Onun paylaşımına əsasən, araşdırmanın qrafiki ananın təhsil səviyyəsinin uşağın ali təhsilə çıxış imkanlarına ciddi təsir göstərdiyini nümayiş etdirir. Belə ki, orta təhsilli anaların övladlarının ali təhsilə qoşulma göstəricisi 21,8 faiz olduğu halda, ali təhsilli anaların övladlarında bu rəqəm 83,5 faizə çatır. Politoloqun sözlərinə görə, bu fərq təhsildə bərabərsizliyin nəsillərarası ötürülməsini aydın şəkildə ortaya qoyur.
Məmmədov həmçinin vurğulayıb ki, uşaqların təhsilə çıxışı təkcə dövlətin yaratdığı imkanlardan deyil, ailələrin fərdi inkişaf səviyyəsindən də ciddi şəkildə asılıdır. Onun fikrincə, rəqəmlər qızların təhsilə cəlb olunmasının əhəmiyyətini bir daha göstərir və dövlətin sağlam, istedadlı genefondunun formalaşmasında qadınların üzərinə mühüm missiya düşdüyünü təsdiqləyir.
Politoloq bildirib ki, qızların təhsili yalnız onların şəxsi gələcəyi üçün deyil, həm də dövlətin inkişafı üçün strateji əhəmiyyət daşıyır.
