Bugun.tv xəbər verir ki, Politoloq Aqil Məmmədov İranın pilotsuz uçuş aparatının (PUA) Azərbaycan ərazisinə daxil olması ilə bağlı sosial media hesabında paylaşım edib.
Politoloq bildirib ki, İran PUA-sının Azərbaycan ərazisinə buraxılması çox ciddi insidentdir və bu hadisə son dövrlər iki ölkə arasında müşahidə olunan münasibətlərin istiləşməsi fonunda uyğun görünmür.
Onun sözlərinə görə, baş verən hadisəyə görə bütün hüquqi məsuliyyət İran üzərinə düşür.
Aqil Məmmədov qeyd edib ki, rəsmi Tehran təkcə üzr istəməklə kifayətlənməməli, eyni zamanda baş verən hadisəyə görə kompensasiya da ödəməlidir.
Politoloq əlavə edib ki, belə hadisələr zamanı dövlət və cəmiyyət emosiyalara qapılmamalı, qərarlar soyuqqanlı şəkildə verilməlidir. Onun fikrincə, dövlət qurumlarının hazırkı reaksiyası kifayət qədər düşünülmüş və sistemli görünür, müvafiq strukturlar hadisə ilə bağlı məlumatlar yayır və açıqlamalar verir.
Aqil Məmmədov mediaya da çağırış edərək bildirib ki, informasiya resursları belə həssas dövrlərdə məsuliyyətli davranmalı və cəmiyyətdə panika yaradacaq məlumatların yayılmasına yol verməməlidir.
Politoloqun sözlərinə görə, polis asayişi, təcili yardım insanların sağlamlığını, ordu isə sərhədləri qoruduğu kimi, media da informasiya məkanını qorumağa borcludur.
Onun fikrincə, qorxu və vahimə cəmiyyətin rasional düşünməsinə mane olur və panika mühiti yaradır. Bu səbəbdən media informasiya yayarkən daha diqqətli və məsuliyyətli olmalıdır.
Aqil Məmmədov həmçinin sonda qeyd edib ki, region hazırda həssas dövrdən keçir və belə bir şəraitdə medianın üzərinə düşən məsuliyyət daha da artır.
