3 C
Baku
27 Yanvar 2026, 19:19
Siyasət

Politoloq Aqil Məmmədov: Venesuelada baş verənlər qlobal təhlükəsizlik üçün ciddi siqnaldır

“Venesuela coğrafi baxımdan Azərbaycandan uzaq yerləşsə də, bu ölkədə baş verən son hadisələr politoloqların fikrincə, bütün dünya üçün mühüm mesajlar verir”.

Bugun.tv– xəbər verir ki, bu barədə şərh paylaşan politoloq Aqil Məmmədov hesab edir ki, Venesuelada yaşananlar birbaşa regional təsir göstərməsə də, beynəlxalq münasibətlər və dövlət suverenliyi baxımından diqqətlə analiz edilməlidir.

Onun sözlərinə görə, Venesuela prezidenti Nikolas Maduronun daxildə sevilib-sevilməməsi və ya idarəçilik modelinə münasibət məsələnin mahiyyətini dəyişmir:

“Maduro necə seçilməsindən asılı olmayaraq, prezident statusu daşıyan şəxsdir və dövlətin simvoludur. Ona qarşı kənardan edilən istənilən fiziki müdaxilə faktiki olaraq həmin dövlətin suverenliyinə, bayrağına və sərhədlərinə edilmiş hücum kimi qiymətləndirilməlidir”.

Politoloq vurğulayır ki, hər hansı ölkənin liderinin taleyi ilə bağlı qərarı xarici güclər deyil, yalnız həmin ölkənin xalqı verə bilər:

“Bu qərarı ABŞ və ya başqa bir dövlət yox, Venesuela xalqı verməlidir”.

Aqil Məmmədovun fikrincə, əgər uzaq məsafədən gəlib bir ölkə daxilində maneəsiz şəkildə əməliyyat aparmaq, lideri zorla aparmaq mümkün olursa və beynəlxalq ictimaiyyət buna səssiz qalırsa, bu, dünya nizamının ciddi böhran içində olduğundan xəbər verir.

“Bu vəziyyət xüsusilə kiçik və orta gücə malik ölkələr üçün açıq mesajdır: beynəlxalq hüquq sizi hər zaman qorumur, sizi yalnız öz gücünüz və daxili birliyiniz qoruya bilər,” – deyə politoloq qeyd edib.

O əlavə edib ki, bu hadisələr vətəndaşlar üçün də ciddi dərs olmalıdır:

“Bir ölkənin gələcəyini hansısa maraq dairələri deyil, yalnız xalq özü müəyyən etməlidir. Tarix dəfələrlə göstərib ki, xarici müdaxilə ilə gətirilən ‘demokratiya’ və ya ‘azadlıq’ əksər hallarda xaos, vətəndaş müharibəsi və marionet rejimlərlə nəticələnir.”

Sonda politoloq bildirib ki, əgər mövcud dünya nizamı bu cür özbaşınalığı qəbul edirsə, bu, qlobal təhlükəsizlik anlayışının ciddi tənəzzülə uğradığını göstərir.

Aynur Camal

Oxşar xəbərlər

Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək

Aynur Camal

ABŞ yeni milli müdafiə strategiyasını açıqladı — Aqil Məmmədovun şərhi

Aynur Camal

İlham Əliyev İsrail Dövlətinin xarici işlər nazirini qəbul etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu