Politoloq Aqil Məmmədov Yaxın Şərq və Qafqaz regionunda gərginliyin artmaqda olduğunu bildirərək qarşıdakı 24 saatın kritik ola biləcəyini deyib. Onun sözlərinə görə, bəzi mənbələr İrana qarşı irəli sürülmüş şərtlərin qəbulu üçün 1 fevral tarixinin son tarix kimi müəyyən edildiyini qeyd edir.
Aqil Məmmədov öz sosial media hesabındakı şərhində həmçinin vurğulayıb ki, 1 fevral tarixi İranda 1979-cu il İslam inqilabının baş verdiyi gün kimi dövlət səviyyəsində qeyd olunur və inqilabın 47-ci ildönümünün gərgin atmosferdə keçəcəyi gözləniləndir. Bu fonunda bölgədə hərbi və siyasi risklərin artdığı bildirilir.
Politoloqun sözlərinə görə, həmin gün İran ordusunun inqilabın ildönümünü Hörmüz boğazında hərbi təlimlərlə qeyd etməsi əlavə təhlükə yaradır. ABŞ ordusunun İran ətrafındakı sularda aqressiv şəkildə mövcud olduğu bir vaxtda planlaşdırılan bu təlimlər regionda vəziyyəti daha da kəskinləşdirə bilər.
Aqil Məmmədov qeyd edib ki, döyüş atışları ilə müşayiət olunan təlimlər zamanı risk faktoru həmişə yüksək olur və istənilən təxribat və ya proqnozlaşdırılmayan hadisə diplomatik kanalların bağlanmasına və proseslərin hərbi müstəviyə keçməsinə səbəb ola bilər.
Politoloq əlavə edib ki, İranda gərginliyin artması Türkiyə və Azərbaycanın maraqlarına uyğun deyil. Prezident İlham Əliyevin İran prezidenti Məsud Pezeşkiana ən kritik məqamda etdiyi telefon zəngi isə rəsmi Bakı üzərindən diplomatik kanalların hələ də açıq olduğunu göstərir.
