“Ermənistanın baş naziri regionda sülh və sabitliyi sabotaj etməyə davam edir. Bir tərəfdən Azərbaycanın təklif etdiyi 5 maddəli sülh sazişini imzalamağa hazır olduğunu, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir, digər tərəfdən isə Azərbaycanın ərazisi olan Qarabağ haqqında sərsəm fikirlər səsləndirməyə davam edir”.
Bu sözləri Bugun.tv-yə özəl müsahibəsində politoloq Tural İsmayılov qeyd etdi.
“Əslində regionda müharibənin olmağının günahkarı da elə Paşinyan özü idi. Çünki onun “Qarabağ Ermənistandır.” iddiasına, Azərbaycan “Qarabağ Azərbaycandır! ” ifadəsi ilə layiqli cavab verdi və torpaqlarını işğaldan azad etdi”,-politoloq vurğuladı.
T.İsmayılov bildirir ki, indi isə Paşinyan ikitirəli oyunlar oynamağa çalışır. Siyasi münasibətlər sistemində o qədər qeyri-sabitdir ki, həm Avropa İttifaqı missiyası adı altında Ermənistan ərazilərində at oynadan Qərb casus və kəşfiyyat şəbəkəsindən, həm də eyni zamanda paralel olaraq, Rusiyadan hansısa siyasi dəstəklər ummaağa çalışır. Və bütün bunların əsasında bölgədə gərginlik fonunu saxlamağa davam edir.
“İstənilən halda, Paşinyanın son açıqlamaları bir daha sübut etdi ki, Ermənistana heç bir halda güvənməmək olmaz. Bütün bunlar Ermənistanın təcavüzkar ritorikadan əl çəkməyəcəyini söyləməyimizə əsas verir. Bu da Azərbaycanla Ermənistan arasında imzalana biləcək sülh müqaviləsini çox ciddi şəkildə sıxışdırır”- deyə politoloq qeyd etdi.