“Bu gün Rusiya-Ukrayna müharibəsinin artıq 307-ci günüdür və müharibə səngimək bilmir. Rusiya tərəfi Ukraynanı raketlərlə bombardman edir. Xüsusilə də Ukraynanın enerji sisteminin tamamilə sıradan çıxarılması üçün həmin obyektlərə raket zərbələri endirilib. Ukrayna şəhərlərinin bir çoxunda işıq müəyyən saat aralığında verilir, istilik enerjisi isə verilmir. Rusiyanın məqsədi Ukraynanı bu şaxtada dondurmaq, onu zəiflətməkdir”. Bu sözləri Bugun.tv-yə açıqlamasında politoloq Elşad Həsənov bildirib.
Politoloqun sözlərinə görə, müharibə başlayan gündən etibarən Ukrayna da əzmkarlıqla döyüşür, öz torpaqlarını azad etməyə çalışırlar: “Son dövrlərdə, xüsusilə Amerikanın, Avropanın Ukraynaya böyük dəstəyindən sonra Ukrayna silahlı qüvvələri bir çox ərazilərini işğaldan azad etdi.
Yaxın zamanda Ukrayna qoşunları öz ərazilərini boşaltmağa cəhdlər edəcək. Rusiya prezidenti öz çıxışında danışıqlar aparmaq istədiklərini, lakin Ukraynanın danışıqlara gəlmədiyini bildirdi. Təbii ki, Rusiya danışıqlar zamanı işğal etdiyi ərazilərin onların tərkibində qalmasını istəyəcək. Ukrayna isə bununla heç bir formada razılaşmaz. Buna görə də yaxın zamanda müharibənin bitəcəyini gözləmək sadəlövhlük olar. Müharibənin 2023-cü ildə də davam edəcəyi gözlənilir”.