Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şabran rayonunda “Şabran” İstirahət Kompleksinin açılışında iştirak ediblər.
Bugun.tv-e Prezidentin saytında yer alan məlumata istinadən xəbər verir ki, kompleks Pirəbədil kəndində 12,6 hektar sahədə yerləşir. Otel müxtəlif kateqoriyalı 119 nömrədən, birmərtəbəli 10, ikimərtəbəli 20 kottecdən ibarətdir.
“Şabran” İstirahət Kompleksi
Kompleks Azərbaycanda Hindistanın qədim təbabət sistemi – Ayurveda ilə müalicə metodlarını tətbiq edən ilk istirahət mərkəzidir. Burada peşəkar Pançakarma (toksinlərdən azadolma) mütəxəssisləri tərəfindən Hindistan ənənələri əsasında xüsusi orijinal terapiya metodları təklif edilir.
“Ayurveda Spa” mərkəzində gözəllik salonu, 6 prosedur otağı, fin saunası, buxar otağı, istirahət zonası və qapalı hovuz vardır. Burada, həmçinin fitnes və yoqa ilə məşğul olmaq üçün hər bir şərait yaradılıb. Mərkəzdə şəfalı Pançakarma prosedurları, Pranayama seansları, yoqa və həyat tərzi üzrə təlimlər təşkil olunacaq.
Oteldə işgüzar görüşlər, konfranslar və xüsusi tədbirlər üçün 180 nəfərlik “Bayatı” və “Şiraz” konfrans zalları yaradılıb. Həm də yaradıcılıq mərkəzi kimi xidmət göstərəcək kompleksdə bəstəkarlar, yazıçılar və rəssamlar üçün kotteclər də nəzərdə tutulub.