“Misirin Şarm Əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə keçiriləcək Sülh Sammitində ABŞ prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir” -deyə şərh paylaşan siyasi ekspert Məhəmməd Əsədullazadə həmçinin vurğulayıb ki, bu dəvət ABŞ-ın Azərbaycana olan siyasi etimadının və dəstəyinin göstəricisidir.
Ekspert qeyd edir ki, Azərbaycan Yaxın Şərqdə sülhün əldə edilməsində mühüm rol oynayan müsəlman ölkələrindən biridir. 1992-ci ildən Fələstin dövlətini tanıyan və onunla diplomatik münasibətlər quran Azərbaycan, bu illər ərzində Fələstin dövlətinə milyonlarla dollar dəyərində humanitar yardım göstərib. Buna görə də Azərbaycanın Qəzza ilə bağlı keçirilən sülh sammitində iştirakı həm siyasi, həm də mənəvi baxımdan tam əsaslıdır.
ABŞ Azərbaycanı Yaxın Şərq siyasətində daha fəal görməkdə maraqlıdır. Vaşinqton, İsrail və ərəb ölkələri arasında barışığı özündə əks etdirən “İbrahim razılaşmalarına” Azərbaycanın da qoşulmasını istəyir. Bununla bağlı son aylarda Bakı və Vaşinqton arasında bir sıra danışıqlar aparılıb.
Azərbaycan bu gün Cənubi Qafqazda həlledici ölkə olaraq, beynəlxalq münasibətlərdə yeni siyasi nizamın formalaşmasına mühüm töhfə verir. Ölkənin yerləşdiyi region Qərblə Şərqi birləşdirən əsas nəqliyyat arteriyasının mərkəzində dayanır. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni siyasi-iqtisadi düzəni formalaşdırır. Bu proses ABŞ-ın geosiyasi maraqları ilə də üst-üstə düşür. Zəngəzur dəhlizinin yaradılması və beynəlxalq logistik mərkəzə çevrilməsi Vaşinqton üçün də strateji əhəmiyyət daşıyır. Bu kontekstdə, yaxın perspektivdə Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması gözlənilir.
Yaxın Şərqdə isə Azərbaycanın müsəlman ərəb ölkələri ilə əlaqələrinin yeni mərhələyə keçidi mümkün görünür. Şarm Əl-Şeyxdə keçirilən bu sammit, iki ildir davam edən Qəzza böhranına son qoymaqla yanaşı, növbəti mərhələdə Fələstin dövlətinin beynəlxalq səviyyədə tanınmasının da əsasını qoya bilər.
Ermənistan baş naziri də sülh sammitində iştirak edəcək. D. Tramp məhz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasında vasitəçi kimi iştirakını, bunu sülhə məhz özü nail olduğu üçün beynəlxalq birliyə birdaha mesaj göndərmək üçün dəvət edib. Ermənistanın Yaxın Şərqin siyasi proseslərində rolu, xüsusilə İslam dünyasına və Fələstin böhranına heç bir aidiyyatı yoxdur.
Məhəmməd Əsədullazadə- Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert