Digər

Prezident İlham Əliyev Qazaxıstan prezidentini təbrik edib

Bugun.tv– xəbər verir ki, Prezident İlham Əliyev Qazaxıstan prezidentini Respublika Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevə

Hörmətli Kasım-Jomart Kemeleviç, Qazaxıstan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Qazaxıstanın hər bir sahədə əldə etdiyi sanballı uğurları, iqtisadi inkişafı, əhalinin rifahının artması və beynəlxalq aləmdə yüksək nüfuz qazanması Sizin rəhbərliyiniz altında ölkədə aparılan əhəmiyyətli islahatların və yorulmaz fəaliyyətinizin nəticəsidir.

Xalqlarımızın ortaq tarixi-mədəni kökləri dövlətlərarası əməkdaşlığımızı şərtləndirən başlıca amillərdəndir. Qardaş ölkələrimiz arasında əlaqələr qarşılıqlı etimad və yüksək hörmət ruhunda inkişaf edir. Bu il imzalanmasının 20 illiyini qeyd etdiyimiz “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini əyani şəkildə əks etdirir.

Siyasi təmaslarımızın intensivliyi, ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə, xüsusilə də ticari-iqtisadi, energetika, o cümlədən yaşıl enerji, nəqliyyat, investisiya, informasiya texnologiyaları, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır.

Bu yaxınlarda qardaş ölkənizə həyata keçirdiyim dövlət səfərim zamanı əldə etdiyimiz nəticələr, razılaşmalar və imzaladığımız sənədlər münasibətlərimizin daha da dərinləşdirilməsi istiqamətində sarsılmaz iradəmizin və əzmimizin bariz nümunəsidir.

Əminəm ki, Azərbaycan-Qazaxıstan qardaşlığının, etibarlı strateji tərəfdaşlığının və müttəfiqliyinin möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.

Hörmətlə, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2025-ci il.

Mənbə: Prezident.az

Aynur Camal

Oxşar xəbərlər

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Qonşuda böyük xaos, İranda Livanlaşma siqnalları!!!

Aynur Camal

Gəminin batması nəticəsində minlərlə insan dənizdə itdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu