Bugun.tv– xəbər verir ki, bu gün xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, 2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilovun) 120 illiyi tamam olur.
Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdir. Onun dillər əzbərinə çevrilmiş “Azərbaycan” şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik ifadəsidir. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparmış, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər ərsəyə gətirmişdir. Səməd Vurğunun milli poeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlu bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir. Keçmişə ehtiram və gələcəyə inam aşılayan Vurğun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində xüsusi səhifə təşkil edir. Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəb kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərmişdir və bu gün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan görkəmli şair Səməd Vurğunun 120 illiyinin keçirilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və aidiyyəti qurumlarla birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Xalq şairi Səməd Vurğunun 120 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2026-cı il.

Mənbə: prezident.az
