Bugun.tv xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Rumıniyada yaşayış binasına düşən pilotsuz uçuş aparatının Rusiyaya məxsus olması ilə bağlı iddialara münasibət bildirib.
Qazaxıstanda keçirilən Avrasiya İqtisadi Birliyi toplantısından sonra jurnalistlərin suallarını cavablandıran Putin bildirib ki, texniki araşdırma aparılmadan PUA-nın hansı ölkəyə aid olduğunu qəti şəkildə demək mümkün deyil.
Rusiya lideri Rumıniya Müdafiə Nazirliyinin hadisə ilə bağlı açıqlamasına toxunaraq, həmin pilotsuz aparatın Ukraynaya məxsus ola biləcəyini də istisna etməyib.
“Bunun Rusiyaya aid olduğunu kim deyir? Araşdırma tamamlanmadan heç kim bu və ya digər PUA-nın hansı ölkəyə məxsus olduğunu deyə bilməz”, – deyə Putin vurğulayıb.
O, daha əvvəl Ukraynaya aid pilotsuz aparatların Finlandiya, Polşa və Baltik ölkələrinin ərazilərində də görüldüyünü xatırladıb və ilkin reaksiyaların sonradan təsdiqini tapmadığını qeyd edib.
Putin həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Rusiyanın “yeni sərhədi keçdiyi” barədə açıqlamasını tənqid edib və Rumıniya tərəfini hadisə ilə bağlı məlumatları Moskva ilə bölüşməyə çağırıb.
Qeyd edək ki, Rumıniya Müdafiə Nazirliyi gecə saatlarında bir pilotsuz uçuş aparatının Qalati şəhərində yaşayış binasına düşdüyünü, nəticədə iki nəfərin yaralandığını açıqlamışdı.
Mənbə: Ensonhaber
