Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Avropa qaz bazarından tamamilə çəkilə biləcəyini açıqlayıb. O bildirib ki, Avropa Birliyinə qaz tədarükünün tam dayandırılması üçün hökumətə müvafiq tapşırıqlar verəcək.
Putin bu barədə Rusiyanın dövlət telekanalı Rossiya 24ə müsahibəsində danışıb. Enerji bazarındakı son prosesləri şərh edən Rusiya lideri, Ukraynanın Aralıq dənizində Rusiya tankerinə pilotsuz dəniz aparatları ilə hücum etdiyini iddia edərək, bunu “terror aktı” adlandırıb.
O həmçinin Ukraynanın enerji infrastrukturuna hücumlarla Avropaya zərər vurduğunu və Qara dənizdə yerləşən TürkAxını qaz kəmərinə qarşı planlar qurduğunu irəli sürüb.
Avropa bazarında qiymət artımı
Putin Avropa qaz bazarında qiymət artımının tədarükçülərlə bağlı olmadığını bildirib. Onun sözlərinə görə, ABŞ, Norveç, Əlcəzair və Rusiya kimi əsas tədarükçülər ixracı azaltmayıb. Qiymət artımı isə Yaxın Şərqdəki hadisələr fonunda qazı daha yüksək qiymətə almağa hazır olan yeni müştərilərlə əlaqələndirilib.
Rusiya Prezidenti vurğulayıb ki, Avropa Rusiyadan, o cümlədən mayeləşdirilmiş təbii qaz (LNG) idxalını tam qadağan etməyi planlaşdırır. Bu halda alternativ bazarlara yönəlməyin Moskva üçün daha sərfəli ola biləcəyini deyib.
“Bəlkə də hazırda Avropa bazarına tədarükləri dayandırmaq bizim üçün daha qazanclı olar. Açılan yeni bazarlara daxil olub orada mövqeyimizi möhkəmləndirə bilərik”, – deyə Putin qeyd edib.
O əlavə edib ki, məsələ siyasi deyil, iqtisadi prizmadan qiymətləndirilir və hökumətə şirkətlərlə birlikdə bu istiqamətdə iş aparmaq barədə göstəriş verəcək.
Mənbə: Ensonhaber
