Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın Prezident Vladimir Putinin Novqorod vilayətində yerləşən rəsmi iqamətgahına Ukrayna tərəfindən pilotsuz uçuş aparatları ilə hücum edildiyi barədə iddialarına dair hələ də inandırıcı sübut təqdim etmədiyini açıqlayıb.
Nazir Andriy Sibiqa bildirib ki, Moskvanın səsləndirdiyi ittihamlar ciddi faktlarla əsaslandırılmayıb və bu cür bəyanatlar beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlib. O, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və Pakistanın bu iddialara münasibətini “təəccüblü və narahatedici” adlandıraraq, belə açıqlamaların sülh prosesinə zərər verə biləcəyini vurğulayıb.
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov isə Ukraynanın gecə saatlarında 91 pilotsuz uçuş aparatı ilə Putinin iqamətgahına hücum etməyə cəhd göstərdiyini iddia edib.
Lavrov bu hadisəni “dövlət terrorizmi” kimi qiymətləndirərək, Rusiyanın danışıqlar prosesindəki mövqeyinə yenidən baxacağını bəyan edib. Rəsmi Moskva hücum cəhdinin qarşısının alındığını və cavab tədbirlərinin görülə biləcəyini açıqlasa da, indiyədək bu iddiaları təsdiqləyən müstəqil və yoxlanılmış sübutlar təqdim olunmayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bu ittihamları qəti şəkildə təkzib edərək, Rusiyanın informasiya boşluğundan istifadə edərək diplomatik təşəbbüsləri pozmağa çalışdığını bildirib. Beynəlxalq mediada da Rusiyanın iddialarını sübutlarla dəstəkləmədiyi xüsusi qeyd olunur. Analitiklərin fikrincə, bu cür qarşılıqlı ittihamlar sülh danışıqlarının gedişinə mənfi təsir göstərə və tərəflər arasında gərginliyi daha da dərinləşdirə bilər.
Mənbə: TRT haber
