Bugün.tv Gənclər və İdman Nazirliyindən əldə etdiyi məlumata əsasən, noyabrın 6-da “Qələbə qaçışı” adlı növbəti xeyriyyə qaçışı təşkil edəcək.
Xatırladaq ki, ilk “Qələbə qaçışı” ötən il noyabrın 9-da keçirilmişdi.
“Qürurla irəli” şüarı ilə keçiriləcək qaçışa qoşulmaq istəyənlər qeydiyyat zamanı, xeyriyyə məqsədilə 20 manat iştirak haqqı ödəməlidir. Toplanan vəsait Şəhid ailələrinə xeyriyyə məqsədilə sərf ediləcək.
“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcəklər. Qaçış 3 müxtəlif (3 km, 5 km, və 10 km) məsafəni əhatə edəcək və iştirakçılar həmin 3 məsafədən hər hansı birində finiş xəttinə çıxa bilərlər.
Qaçış çərçivəsində urban (şəhər) idmanı master klasları və maraqlı tədbirlər də təşkil ediləcək.
17 yaşdan yuxarı hər kəs qaçışda iştirak üçün (https://marathon.smartscoring.com/#section-register) linki vasitəsilə 4 noyabr saat 12.00-dək qeydiyyatdan keçə bilər. Qeydiyyat başa çatdıqdan sonra, müraciəti qəbul edilmiş iştirakçıların e-maillərinə təsdiq məktubu və iştirakçı bələdçisi göndəriləcək.
Ətraflı məlumat üçün və ya qeydiyyat zamanı yarana biləcək hər hansı bir sualla bağlı info@smartscoring.com e-mailinə yazmaq və ya hər gün saat 09.00-dan 21.00-dək 012-404-13-83 telefonla əlaqə saxlamaq olar.