Bugun.tv xəbər verir ki, təşkilatçı və rejissor Davud Qədiroğlu 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı “Qəlblərin harmoniyası-3” adlı Uşaq və Gənclərin Rəqs və Gimnastika festivalını keçirib. Festival Bakı Gənclər evində baş tutub.
Aparıcılığı Xuraman Nicata həvalə edilən tədbirin əvvəlində 44 günlük Vətən Müharibəsi şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Sonra əlvan rəqs və gimnastika nömrələri ilə zəngin olan festival start götürüb.
“Tədbirdə 350-dən çox rəqqas və 300 tamaşaçı iştirak edirdi. Əsas məqsəd uşaqlar arasında sosial bərabərlik, dostluq yaratmaqla səhnə rəqslərinin inkişafına təkan vermək idi. Milli, müasir, dünya xalq rəqsləri və gimnastika üzrə solo və qrup kateqoriyalarında 5-17 yaşlı uşaq və gənclər yarışdılar. Qalib gələnlər 1-ci, 2-ci, 3-cü və qran-pri nominasiyaları üzrə mükafatlandırıldılar”.
Bu barədə Bugun.tv-yə D.Qədiroğlu məlumat verib. Onun sözlərin görə, festival boyu müxtəlif rəqs və gimnastika nömrələrini münsiflər heyəti 1-5 bal sistemi ilə qiymətləndirib.
“Gimnastika kateqoriyası üzrə qrup ifası olan “Daymonds” Qran-pri mükafatına layiq görüldü. Digər Qran-pri mükafatına isə “Dünya xalq rəqsləri” kateqosiyasında “Hind rəqsi”nə görə, Nərgiz Əbilovanın rəhbəri olduğu “Nərgiz” rəqs qrupu qazandı. Onlar münsiflər heyətinin təkidi və tamaşaçıların alqışları ilə həmin rəqsi yenidən ifa etdilər”.
Müsabiqədə münsiflər heyəti Əməkdar artist Nisəxanım Rəhimova, pedaqoq Natiq Dadaşov, rəqs və gimnastika üzrə pedaqoqlar Nərgiz Zeynalova, Samirə Səlimzadə, zərb alətləri üzrə müəllim Cəfər Həsənov, pedaqoq-xoreoqraflar Xanım Əliyeva və “Nərgiz” rəqs qrupunun rəhbəri Nərgiz Əbilova çıxış edərək “Qəlblərin harmoniyası-3” adlı Uşaq və Gənclərin Rəqs və Gimnastika festivalının gələcəyimiz üçün əhəmiyyətindən danışıblar. Belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayılar. Tədbirin təşkilatçısı Davud Qədiroğluna minnətdarlıqlarını bildiriblər.