Saatlı şəhərinin mərkəzində Qərbi Azərbaycan İcmasının Saatlı rayon üzrə nümayəndəliyinin yeni ofisinin açılışı keçirilib.
Bugun.tv-yə daxil olan məlumata əsasən, tədbirdə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, icmanın rayon üzrə yeni nümayəndəsi Qədir Məmmədov və nümayəndəliyin fəalları iştirak ediblər. Açılış mərasimində ofisdə yaradılmış şəraitlə tanışlıq olub, fəaliyyətin daha səmərəli təşkili üçün tapşırıqlar və tövsiyələr verilib.
Daha sonra Saatlı Rayon İcra Hakimiyyətinin inzibati binasında Qərbi Azərbaycan İcmasının rayon üzrə yeni nümayəndəsinin təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan icra başçısı Elmir Bağırov, Qərbi Azərbaycan İcmasının ölkənin ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli rol oynadığını, tariximizin qorunması və regional məsələlərin həllinə xüsusi töhfələr verdiyini bildirib.
Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək İcmanın məram və məqsədləri, fəaliyyət istiqamətləri, rayonlarda görülən işlər və Saatlı üzrə nümayəndəliyin qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib.
Daha sonra YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva və icmanın yeni nümayəndəsi Qədir Məmmədov çıxış ediblər. Onlar bölgədə İcmanın fəaliyyətinin dəstəklənməsinin vacibliyini, yerli icmalar və vətəndaşlarla əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Çıxışlarda gələcəkdə sosial-mədəni layihələrin daha geniş həyata keçirilməsi, maarifləndirmə tədbirlərinin təşkili və İcma ilə yerli qurumlar arasında əməkdaşlığın möhkəmləndirilməsi məsələləri də önə çəkilib.
Qeyd olunub ki, Saatlı rayonunda Qərbi Azərbaycan İcmasının fəaliyyəti sosial və mədəni layihələr, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi vasitəsilə daha da inkişaf etdiriləcək.