7 C
Baku
4 Dekabr 2024, 13:28
Baş xəbərMədəniyyət

“Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” layihəsinin təqdimatı keçiriləcək

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən həyata keçirilən “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” layihəsi üzərində işlər artıq yekunlaşıb. İki əsas hissədən ibarət olan layihənin məqsədi Azərbaycan, ingilis və erməni dillərində hazırlanmış saytın və tammetrajlı sənədli filmin köməyi ilə son 200 ildə Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən dağıdılmış maddi-mədəni irsimiz haqqında  izləyicilərə dolğun informasiya çatdırmaqdır.

Elmi məqalələr, tarixi mənbələr, rəsmi sənədlər, xəritələr və fotolarla zəngin saytın (western-azerbaijan.az) gələcəkdə  Qərbi Azərbaycan İcması və AMEA Tarix İnstitutu Qərbi Azərbaycan tarixi şöbəsi ilə birlikdə davamlı olaraq genişləndirilməsi və inkişaf etdirilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində hazırlanmış “Sarı gəlin”in sorağında” tammetrajlı sənədli filminin süjet xətti  “Sarı gəlin” xalq mahnısının motivləri üzərində qurulsa da, əsas məqsəd Qərbi Azərbaycan ərazisindəki maddi-mədəni irsimizin təbliğidir. Burada mahnıdan əsas məqsədə nail olmaq üçün köməkçi vasitə kimi istifadə edilib və  filmin süjet xəttini bədii çalarlarla zənginləşdirən hərəkətverici faktor kimi istifadə olunub.

Filmdə erkən orta əsrlərdən başlayaraq Qərbi Azərbaycan ərazisində gedən tarixi proseslərə nəzər salınır, xalqımızın bu torpaqlarda yaratdığı maddi-mədəni sərvətdən söhbət açılır. Beləliklə kadrarxası mətndə və tarixçi alimlərin müsahibələrində səsləndirilən elmi faktlara söykənən tarixiliklə folklor  arasında qırılmaz bir bağ yaradılıb.

Filmdə  Qərbi Azərbaycanın   tarixinə yaxından bələd olan, bu istiqamətdə araşdırmalar aparan tədqiqatçıların da fikirləri yer alıb.

Çəkilişləri Bakıda, İsmayıllıda və Gədəbəydə aparılmış filmin ssenari müəllifi Füzuli Sabiroğlu, quruluşçu rejissoru  Mübariz Nağıyev, quruluşçu operatoru Fahir Səmədoğlu, prodüsseri Əli İsa Cabbarovdur. Layihənin rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayev, elmi məsləhətçiləri Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, f.f.d Əziz Ələkbərli və AMEA Tarix İnstitutu Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri t.f.d Cəbi Bəhramovdur.

Yaxın günlərdə “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” layihəsi çərçivəsində hazırlanmış saytın və  “Sarı gəlin”in sorağında” tammetrajlı sənədli filminin geniş ictimaiyyətə  təqdim edilməsi nəzərdə tutulur.

İntizar Əmirova

Oxşar xəbərlər

ƏƏSMN: “e-təyinat sistemləri vətəndaşların sosial təminatlarını həll etməkdə davam edir”

Aynur Camal

Xarici işlər naziri Abdullahiyan tezliklə Səudiyyə Ərəbistanına səfər edəcək

Bugün TV

Hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə xəbərdarlığı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu