Naftalan Şəhər İcra Hakimiyyətinin, Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə şəhər Heydər Əliyev Mərkəzində “Qərbi Azərbaycan: Tarixin sınaqları, müasir çağırışlar” mövzusunda tədbir keçirilib.
Bugun.tv xəbər verir ki, tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli, İcmanın İdarə Heyəti sədrinin müavini, deputat Hikmət Baba oğlu, İcmanın Qadınlar Şurasının sədr müavinləri Telli Pənahqızı, Aytən Sultanova, Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımız iştirak ediblər.
Əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu əks etdirən fotoeksponatlara, Qarabağın Zəfər təntənəsini, Qərbi Azərbaycanın mədəni irsini, tarixini və deportasiya prosesini özündə əks etdirən fotoşəkillərdən və kitablardan ibarət sərgiyə baxış keçiriblər.
İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasının məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd edib ki, bu günə qədər görülən işlər, qarşıda duran vəzifələr bu mübarizənin sistemli və davamlı xarakter aldığını göstərir.
ŞİH-nin başçısı Vüqar Novruzov tarixi torpağımız olan Qərbi Azərbaycanla bağlı tədbirlərin keçirilməsinin olduqca mühüm əhəmiyyət daşıdığınıdan, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qərbi Azərbaycana Böyük Qayıdış ideyasının reallaşdırılması istiqamətində vacib və məqsədyönlü addımlar atıldığından ətraflı bəhs edib.
Sonda bir qrup Qərbi Azərbaycandan olan şəxslərin və onların varislərinin müraciətləri əsasında onlara Qərbi Azərbaycan İcmasının üzvlük vəsiqələri və döş nişanları, həmçinin qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
Mənbə: Qafqazinfo.az