10 C
Baku
12 Dekabr 2024, 19:56
Baş xəbərDünya

Qərbi Balkan ölkələri öz gələcəyini Aİ-yə inteqrasiyada görür

Qərbi Balkan ölkələri hazırkı qlobal qeyri-müəyyənlik dövründə regionun təhlükəsizliyi və sabitliyi baxımından öz gələcəyini Avropa İttifaqına qoşulmaqda görür.

Bugun.tv xəbər verir ki, dekabrın 13-də Brüsseldə Avropa İttifaqı-Qərbi Balkan ölkələri sammiti keçiriləcək. Toplantıda Aİ-nin genişlənmə siyasəti və Qərbi Balkan ölkələrinin ittifaqa inteqrasiyası əsas müzakirə mövzusu olacaq.

Hazırda Aİ-yə üzv olan ölkələrin sayı 27-dir. Balkan regionu ölkələrindən Sloveniya 2004-cü ildə, Xorvatiya isə 2013-cü ildə Aİ üzvü olub. Monteneqro, Bosniya və Herseqovina, Serbiya, Şimali Makedoniya və Albaniya Aİ üzvlüyünə namizəd, Kosovo isə potensial namizəd ölkələr sırasındadır.

Aİ üzvlüyünə ən yaxın ölkə kimi Monteneqro göstərilir. Bosniya və Herseqovinaya 2022-ci il dekabrın 15-də Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə statusu verilib. Serbiyanın 2030-cu ildə ittifaqa üzv olacağı gözlənilir. Şimali Makedoniyanın Aİ-yə üzvlük prosesi isə 20 ilə yaxındır davam edir. Albaniya 2014-cü ilin iyununda Aİ üzvlüyünə namizəd ölkə statusu alıb.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Aİ-nin 2030-cu ilədək sıralarını genişləndirmək niyyətində olduğunu dəfələrlə bəyan edib. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen isə Qərbi Balkan regionu ölkələrinin Aİ-yə üzvlük prosesində böyük irəliləyiş əldə etdiyini bildirib.

Aİ-nin genişlənmə planında Monteneqro, Bosniya və Herseqovina, Serbiya, Şimali Makedoniya, Albaniya və Kosovo kimi ölkələrin ittifaqa üzvlüyü nəzərdə tutulur. Bundan başqa, 2024-2027-ci illəri əhatə edəcək yeni plan çərçivəsində Aİ Qərbi Balkan regionu ölkələri üçün 6 milyard avroluq yardım paketi nəzərdə tutur. Məqsəd ittifaqa üzvlük yolunda tərəqqiyə nail olmaq üçün region ölkələrində iqtisadi artımı və sosial-iqtisadi inkişafı təmin etməkdir. Qərbi Balkan regionunda vahid bazar qaydalarının tətbiqi və iqtisadi inteqrasiyanın artırılması da hədəflənir.

Aynur Camal

Oxşar xəbərlər

Yük maşını ilə toqquşan minik avtomobilində yanğın baş verdi: 1 nəfər öldü

Bugün TV

Qəzzada yardım gözləyən insanlara endirilən zərbələr nəticəsində ölənlərin sayı 100-ə çatdı – hesabat

Bugün TV

Sosioloq Elçin Bayramlı: Varlının da qadasın alım, kasıbın da…

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu