Qətər 2028-ci ilin yanvar ayında keçirilməsi planlaşdırılan ilk Qadınlar Klublararası Dünya Kubokuna ev sahibliyi etmək üçün FIFA ilə danışıqlar aparır. Turnirin keçirilməsi 2027–28 mövsümündə bir çox ölkənin daxili çempionatlarında, o cümlədən Avropada ciddi təqvim problemləri yarada bilər.
FIFA ötən ay yeni klublararası yarışın 5–30 yanvar 2028-ci il tarixlərində keçiriləcəyini açıqlayıb. Lakin turnirin harada təşkil olunacağı və rəsmi tender prosesinin olub-olmayacağı hələlik bəlli deyil. Qətərin maraq göstərməsi ölkənin 2022-ci ildə kişilər arasında Dünya Kubokuna ev sahibliyi etməsindən sonra turnirlərin təşkili ilə bağlı verdiyi çoxsaylı müraciətlərin davamıdır. Həmin dövrdən bəri Qətər FIFA ilə yaxın əlaqələrini qoruyub saxlayır.
Ötən ay FIFA Qitələrarası Kuboku Ər-Rəyyan şəhərində keçirilib və finalda Paris Sen-Jermen klubu “Flamenqo”ya qalib gəlib. Bundan əlavə, Avropa çempionu İspaniya ilə Cənubi Amerika çempionu Argentina arasında keçiriləcək kişilərdən ibarət ikinci “Finalissima” oyunu mart ayında Dohada baş tutacaq.
“Guardian” qəzetinin ötən il yaydığı məlumata görə, Qətər 2029-cu ildə kişilər arasında Klublararası Dünya Kubokunu da keçirməyə maraq göstərib. Lakin FIFA turnirin Şimal yarımkürəsində yay aylarında keçirilməsinə qərar verdiyindən bu plan təxirə salınıb. Hazırda Mərakeş və İspaniya 2030-cu il Dünya Kuboku öncəsi sınaq məqsədli ev sahibləri kimi əsas namizədlər hesab olunur.
İlk Qadınlar Klublararası Dünya Kubokunun Qətərdə keçirilməsi ölkənin LGBTQ+ hüquqları ilə bağlı mövqeyi və qadın futbolu sahəsində zəif tarixi səbəbindən mübahisələrə yol aça bilər.
Qətərdə qadınlardan ibarət milli komanda 2009-cu ildə – ölkə 2022-ci il Dünya Kubokuna namizədliyə hazırlaşarkən yaradılıb. Lakin ilkin oyunlardan sonra komanda son 12 il ərzində heç bir rəsmi matç keçirməyib və FIFA reytinqində yer almır.
Bununla belə, Qətər FIFA ilə yaxın əlaqələrə, hazır stadion infrastrukturuna və qış aylarında əlverişli iqlimə malikdir. Turnirin tarixlərini nəzərə alsaq, yarışın Körfəz bölgəsində keçirilməsi ehtimalı yüksək qiymətləndirilir.
Səudiyyə Ərəbistanı da mümkün variantlardan biri hesab olunur, lakin ölkə 2028-ci ilin yanvarında dörd komandalı İspaniya Superkubokuna ev sahibliyi edəcəyinə görə bu tarixdə öhdəlik götürüb. FIFA mənbələri bildiriblər ki, qurum hələlik rəsmi müraciətlər almayıb və tender prosesinin detalları ilə bağlı açıqlama verməkdən imtina edib.
Turnirin vaxtı qadın futbolunda oyun sıxlığı problemini bir daha gündəmə gətirir. Yarış Çempionlar Liqası ilə toqquşmasa da, bir çox Avropa daxili liqaları təsirlənəcək və daha uzun qış fasiləsi tətbiq etməli ola bilər. Avstraliya, Meksika və Yaponiya liqaları da təsirlənə biləcək digər nüfuzlu çempionatlar sırasındadır.
İlk Qadınlar Klublararası Dünya Kubokunda 16 komanda iştirak edəcək. Onların azı beşi Avropadan, ikisi isə Asiya, Afrika, Cənubi Amerika və Şimali Amerikadan olacaq. Həmin beş konfederasiyanın hər birindən bir klub və Okeaniyadan bir komanda son üç iştirakçını müəyyənləşdirmək üçün seçmə turnirdə mübarizə aparacaq.
FIFA hələlik iştirak meyarlarını müəyyən etməyib, lakin ötən mövsüm Çempionlar Liqasının qalibi olan “Arsenal” klubunun turnirdə iştirakı gözlənilir. Yarışın dörd ildən bir keçirilməsi planlaşdırılır.
Mənbə: The Guardian
