10 C
Baku
26 Dekabr 2024, 18:02
Baş xəbər

Qadına qarşı zorakılıq heç də əxlaq(sız)la bağlı deyil

“Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyası gender əsaslı olsa da məişət zəminində, ailələrdə, şəxsi münasibətlərdə qadınlara qarşı törədilən şiddətlər, zorakılığın müxtəlif formalarında təzahür edən təzyiqlər, ayrıseçkiliklər və hətta qətllər az deyil.

Əlahəzrət faktdır ki, müasir həyatımızda dünyanın hər yerində qadına zorakılıq halları təəssüf ki, bitmir, tükənmir. İllərdir gerçəkləşən  “Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyası gender əsaslı olsa da məişət zəminində, ailələrdə, şəxsi münasibətlərdə qadınlara qarşı törədilən şiddətlər, zorakılığın müxtəlif formalarında təzahür edən təzyiqlər, ayrıseçkiliklər və hətta qətllər az deyil. Təəssüf ki, bu qəbildən baş verən digər cinayət hadisələrinə də tez-tez rast gəlirik. Xüsusilə son illər ailə-məişət və şəxsi münasibətlər zəminlərində qeydə alınan xoşagəlməz hadisələrin şahidi oluruq. Bir çox hallarda isə bu hadisələrin “əxlaqsızlıq”la əlaqələndirilməsi diqqət çəkir. Bu hal istisna deyil. Lakin müşahidələrə və statistikaya əsaslansaq görərik ki, qadınlara qarşı zorakılıq heç də həmişə əxlaqla bağlı deyil. Bu yerdə Frido Kahlonun sözləri yada düşür: “Əxlaq və namus deyincə sadəcə qadından danışan hər kəs əxlaqsız və namussuzdur”. Frida Kahlo haqlıdır, haqlı deyil, bu, başqa mövzudur. Lakin idrak etmək lazımdır ki, əxlaqi keyfiyyətləri kişi və ya qadınlıqdan asılı olmayaraq hər kəs daşımağa borcludur. Çünki əxlaq bir dəyərdir və dəyər İNSAN olan hər kəsə məxsusdur.

Axı İNSAN ən ali varlıqdır. Belə isə, əxlaq etiketləri nəyə görə cinsi ayrıseçkiliyə bölünməlidir?

Əxlaq cins məsələsi deyil, əxlaq mənəviyyatdır, mənəvi irsdir, o görünmür, içdədir, insanın iç dünyasındadır. İçini-iç dünyanı təmiz saxlamaq Yaradanın bizə əmanəti, bizim isə sözlə ifadə edə bilməyəcəyimiz borcumuz deyilmi? Bir anlıq xatırlamağa çalışaq: birinə maddi borcumuz olanda özümüzü necə hiss edirik? Təbii ki, o borcu maksimum tezliklə ödəməyə çalışırıq, ödəyə bilməyəndə isə utanarıq, mənəvi üzüntüyə uğrayarıq, xəcalət çəkirik və s. Bəs mənəvi dünyamızı, mənəvi borcumuzu nədən unuduruq? Yaradılışdan bizə ( qadın-kişi, fərq etməz) verilən əmanətə (insanı insan edən dəyərlərə) sahib çıxmayanda, onu qorumayanda özümüzü necə hiss edirik? Daxili aləmimizin çirkləndiyinin fərqinə varırıqmı? Yoxsa bu məsuliyyəti başqasının üzərinə atmağa çalışırıq? Özünü, daxili aləmini – Yaradanını, ailəsini, doğmalarını, yaxın və uzaq çevrəsini, ölkəsini, dövlətini, millətini düşünməyin, təəssübünü çəkməyin cinsi varmı sizcə? O zaman dünya gündəmindən düşməyən bu yanlış yanaşmanın, qərəzin səbəbi nədir? Bu ayrıseçkiliyə əsas verən amillər: ədalətsizlikdirmi, ayrıseçkilikdirmi? Yoxsa cəhalət və ya cahillikdir? Məhdud dünya görüşümü, savadsızlıqmı, qorxaqlıqmı?

Suallar o qədər çox ki,..

Hər kəs ailəsinin, valideyininin, daşıdığı şəcərənin qarşısında, vətəndaş kimi  dövlətinin, qanunun qarşısında, ruhani tərəfdən yanaşdıqda isə dünya, kainat qarşısında (yazılan və yazılmayan ) məsuliyyət daşıyır. İnsan oğlu mənəviyyatını qoruya bilməzsə, sadalanan məsuliyyəti dərk etməzsə, təəssübkeşlik hissindən uzaq düşərsə qadına qarşı zorakılığa, şiddətə necə son qoyular?

…Zərurətdəndir ki, 1991-ci ildən bəri hər il “Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” adı altında qlobal kampaniya həyata keçirilir. Qadınlara və qızlara qarşı zorakılığa son qoymağa çağıran bu kampaniya hər il eyni vaxtda 25 noyabr – 10 dekabr tarixlərində qadına qarşı zorakılığı dünyanın diqqətində saxlayır. Ötən illər ərzində kampaniyaya 187 ölkədən 6 mindən çox dövlət və qeyri-dövlət qurumları qoşulub. Bu, dünyanın sivil, aydın vətəndaş cəmiyyətinin çalışması, cəhdi, istəyi, tələbidir. Bəli bu, vətəndaş cəmiyyətinin qadınlara zorakılıq kimi qorxunc problemin həlli yolunda daxili və xarici dünyamıza töhfə vermək uğrunda mücadiləsidir. Artıq illərdir ki, Azərbaycan da dünyanın bir parçası olaraq “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına start verib. Hər il eyni tarixdə “Qadınlara və qızlara qarşı zorakılığa son qoyaq” şüarı altında bütün ölkə ərazisində tədbirlərin keçirilməsi, mövzu ilə bağlı xüsusilə  böyüyən gənc nəslin maarifləndirilməsi təqdirəlayiqdir.

Mətanət Ağamirli Əməkdar jurnalist

Mənbə: YeniAzərbaycan

Aynur Camal

Oxşar xəbərlər

ÜST və Səhiyyə Nazirliyinin birgə layihələri davam edir

Aynur Camal

Silahla vurulan şəxs aparıldığı xəstəxanada dünyasını dəyişdi

Aynur Camal

Vladimir Putin əmr verdi! Rusiya əsgərlərinin sayını artırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu