18 C
Baku
25 Aprel 2025, 23:15
Baş xəbərSiyasət

Qarşılıqlı əməkdaşlığın inkişafına böyük töhfə

“Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarı tərəfdaş kimi tanınır. Dövlətimiz balanslı xarici siyasət həyata keçirir ki, bu da dost və tərəfdaşlarımızın sayını artırır. Bu siyasətin nəticəsində qonşu ölkələrlə də münasibətlərimiz yüksək səviyyədədir. Azərbaycanla Gürcüstan arasında münasibətlər bu baxımdan xüsusi vurğulanmalıdır. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk xarici səfərini Azərbaycana etməsi də iki ölkə arasında yüksək səviyyəli münasibətlərin göstəricisidir”.

Bugun.tv -xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var, xalqlarımızın uzun əsrlərə söykənən tarixi bağlılığı mövcuddur. Eləcə də, hər iki ölkə bütün dövrlərdə bir-birinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyib və bu dəstək bundan sonra da davam edəcək. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir: “Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq”. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili də qeyd edib ki, ölkəsi həmişə Cənubi Qafqazda dialoqun, diplomatiyanın, dinc yanaşı yaşamağın tərəfdarı olub və bu kurs gələcəkdə də davam edəcək.

 

Millət vəkilinin sözlərinə görə, ölkəmiz öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Dövlətimizin başçısı vurğulayıb: “Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır”.

Pərvin Kərimzadə qeyd edib ki, ölkələrimiz arasında parlamentlər səviyyəsində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkənin qanunverici orqanlarında dostluq və işçi qrupları fəaliyyət göstərir. “Ümumiyyətlə, qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Eyni zamanda, Azərbaycanla Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm qlobal layihələrin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir. Bundan başqa, xalqlarımız arasında mədəni və humanitar sahələrdə əlaqələrin davam etməsi ümumi maraqlarımıza uyğundur. Bütün bunlar ölkələrimiz və xalqlaırmız arasında münsibətləri davamlı olaraq gücləndirir. Gürcüstan Prezidentinin ölkəmizə rəsmi isə qarşılıqlı əməkdaşlığın inkişafına böyük töhfələr verəcək”, – deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Ötən gün baş verən cinayətlərin xülasəsi

Aynur Camal

Azərbaycan və Litva prezidentlərinin geniş tərkibdə görüşü olub – YENİLƏNİB

Aynur Camal

Tur mikroavtobusu yük maşını ilə toqquşdu: 2 nəfər öldü, 12 nəfər yaralandı – FOTO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu