Banqladeş və Myanma Benqal körfəzində “Mocha” qasırğası ilə əlaqədar sahil bölgələrindəki yüz minlərlə insanın təxliyə ediləcəyini açıqlayıb.
Bugun.tv xəbər verir ki, bu barədə Hindistan Meteorologiya Departamenti (IMD) məlumat yayıb.
Bildirilib ki, “Mocha” qasırğası Banqladeşin cənubundakı Koks-Bazar sahil şəhərinə və Myanmanın Kyaukpyu bölgəsinə saatda ən azı 160 kilometr sürətlə enəcək.
IMD balıqçılar və digər gəmiləri Benqal körfəzi ilə Andaman dənizi arasında səyahət etməmələri barədə xəbərdar edərək, bölgədə güclü yağışların və qasırğanın olacağını bildirib.
İki ölkənin səlahiyyətliləri sahilyanı bölgələrdə yüz minlərlə vətəndaşını təxliyə etməyə hazırlaşarkən, xalqı sahilyanı ərazilərdən uzaq durmağa çağırıb.
Banqladeşdə sabah evakuasiya olunacaq insanların sayının 500 minə yaxınlaşacağı təxmin edilir. Həmçinin, bölgədə 576 müvəqqəti sığınacaq yerinin xidmət göstərəcəyi bildirilir.
Səlahiyyətlilər təcili yardım qruplarının və lazımi ləvazimatların hazır olduğu və bir çox könüllü yardım təşkilatının işə dəstək verəcəyi barədə məlumat paylaşıb.
Myanma Meteorologiya və Hidrologiya Departamentinin direktoru Hla Tun sahilyanı ərazilərdə baş verə biləcək daşqınlar və torpaq sürüşmələri ilə bağlı xəbərdarlıq edildiyini bildirib.
Dövlətin nəzarətindəki “Global New Light of Myanmar” qəzetindəki xəbərdə qasırğadan təsirlənəcəyi gözlənilən Arakan əyalətinin qərb sahilində yaşayan minlərlə insanın təxliyyə olunmağa başladığı qeyd edilib.
Hindistan Meteorologiya Xidmətindən Rajendra Kumar Jeamani bu ilin Hind okeanının şimalında ilk qasırğa olacağına diqqət çəkib. “Qasırğa şiddətlidir və çox ehtimal ki, Myanma və Banqladeşdə milyonlarla insana təsir edəcək”,- o bildirib.
Qeyd edək ki, ilin bu vaxtında Benqal körfəzində tropik fırtınalar tez-tez yaşansa da, 1999-cu ildə Odişada baş verən və sürəti saatda 260 kilometrə çatan qasırğa təxminən 10 min insanın ölümünə səbəb olmuşdu.
Mənbə: TRT haber