Bugun.tv xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı başlayıb. Sammit Qırğızıstanın 2025–2026-cı illərdə təşkilata sədrliyinin yekun əsas tədbiri olmaqla yanaşı, ŞƏT-in yaradılmasının 25-ci ildönümünə həsr olunub.
31 avqust – 1 sentyabr tarixlərində keçirilən yüksək səviyyəli görüşlərdə ŞƏT-ə üzv ölkələrin dövlət başçıları, beynəlxalq təşkilatların nümayəndələri və digər yüksək vəzifəli şəxslər iştirak edir. Dövlət başçıları beynəlxalq və regional gündəlikdəki aktual məsələləri, təşkilatın gələcək inkişafını və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə edirlər.
Görüşlərdə siyasi, ticarət-iqtisadi, nəqliyyat-logistika, rəqəmsal texnologiyalar, ətraf mühit və mədəni-humanitar əməkdaşlıq əsas istiqamətlər sırasında yer alır.
1 sentyabrda ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasının keçirilməsi planlaşdırılır. Həmçinin Bişkekdə ŞƏT Plus formatında görüş və VI Dünya Köçəri Oyunlarının açılış mərasimi keçiriləcək.
Sammitin yekununda ŞƏT-in 25 illik yubileyinə həsr olunmuş Bişkek Bəyannaməsinin, eləcə də təşkilat daxilində əməkdaşlığın gücləndirilməsinə dair digər sənədlərin imzalanması gözlənilir.
Sammit çərçivəsində Qırğızıstan Prezidenti Sadır Japarov Çin Prezidenti Si Cinpinlə də görüşüb. Tərəflər iki ölkə arasında dostluq və əməkdaşlığın inkişafına dair sənədlər imzalayıblar. Çin prezidentinin dövlət səfəri zamanı müxtəlif sahələri əhatə edən 30-dan çox ikitərəfli sənəd imzalanıb.
Japarov, həmçinin BMT Baş katibi Antonio Quterreşlə görüşərək Qırğızıstanla beynəlxalq təşkilat arasındakı əməkdaşlığın perspektivlərini müzakirə edib.
Qırğızıstan ŞƏT sammitinə dördüncü dəfə ev sahibliyi edir. Bişkek bundan əvvəl 2007, 2013 və 2019-cu illərdə təşkilatın liderlərini qəbul edib.
Mənbə: TV BRICS
