Bugun.tv xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Tədqiqatlar Mərkəzi və Xalq qəzetinin birgə təşkilatçılığı ilə Sosial Tədqiqatlar Mərkəzinini inzibati binasında qohum nikahlarla bağlı ictimai müzakirənin keçirilməsi nəzərdə tutulmuşdur.
Tədbirdə təşkilatçı qurumların rəhbərləri, millət vəkilləri, dövlət orqanlarının (qurumlarının) və vətəndaş cəmiyyətinin nümayəndələri, ekspertlər iştirak edəcəkdir.
Qohumlar arasında nikah halları və onların törətdiyi fəsadlar digər ölkələrdə olduğu kimi bizim cəmiyyətdə narahatlıq doğuran aktual ailə məsələlərindən biridir. Belə nikahların baş verməsi bir çox hallarda sağlamlıq imkanları məhdud olan uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Elmi araşdırmalar göstərir ki, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir və dünya əhalisinin bir qismi bu problemdən əziyyət çəkir. Təəssüflər olsun ki, Azərbaycanda da yaxın qohumlar arasında bağlanan nikahlara rast gəlmək mümkündür.
Qan qohumları arasında bağlanan nikahların mənfi nəticələrinin qarşısının alınması istiqamətində dövtlət tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar) arasında nikaha icazə verilmir.
2015-ci ildə Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən nikaha daxil olmaq istəyən vətəndaşlar tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməlidirlər, yəni icbari tibbi müayinədən keçməlidirlər. Nikahdan əvvəl icbari tibbi müayinənin tətbiqi ilə irsi genetik xəstəliklərdən əziyyət çəkən, sağlamlıq imkanları məhdud olan uşaqların dünyaya gəlməsinin qarşısının alınmasına və sağlam nəslin formalaşdırılmasına şərait yaradılmışdır.
Bu istiqamətdə aparılan işlərin davamı olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilmişdir. Qaydada erkən nikahın və qohumlar arasında nikahın izahı verilib. Qaydada da qeyd olunan kimi, qohum nikahı nənəsi və babası eyni olan gənclər arasında bağlanan nikahlar hesab edilir. Qaydada aidiyyəti dövlət qurumların siyahısı və onların öhdəliyinə düşən vəzifələr açıqlanır. Qaydanın əsas məqsədi ölkədə erkən nikah və qohum nikahların qarşısının alınması istiqamətində aparılan işlərdə qurumlararası əlaqələndirmənin operativliyini və effektivliyinin təmin edilməsidir. Qaydanın müvafiq bəndlərinin icrası istiqamətində hər ilin yanvar ayında aidiyyəti qurumlar tərəfindən təqdim edilən məlumatlara əsasən Komitə tərəfindən görülmüş işlərə dair ölkə üzrə hesabat hazırlanır, Komitənin rəsmi saytında dərc edilir və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilir.
Qeyd edilən sənəddə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə qohum hesab edilən gənclər arasında bağlanan nikahların və belə nikahların pozulması hallarının statistikasının illər üzrə aparılmasını təmin etmək üçün müvafiq tədbirlər görülməsi tapşırılmışdır.
Belə ki, Ədliyyə Nazirliyindən aldığımız məlumata əsasən qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2 363 , 2022-ci ildə isə 2 542 olub, belə nikahların pozulmasının sayı 2021-ci ildə 204 olub, 2022-ci ildə isə 608 olub.
Ən çox qohum nikahlar Bakıda (742), Mil-Muğan (296) və Lənkəran-Astara (274) regionlarında qeydə alınıb.
Dövlət tərəfindən bu istiqamətdə lazımi tədbirlər görülür. Qanunvericiliyə dəyişikliklər edilir, yeni sənədlər qəbul edilir, maarifləndirmə işləri aparılır. Lakin, buna baxmayaraq bəzi ailələrdə müşahidə olunan ənənəvi stereotiplərin, qohumların evlənməsinə müsbət yanaşılması kimi patriarxal düşüncələrin mövcudluğu belə nikah hallarının baş verməsinə səbəb olur.
Qohumlar arasında nikahın mənfi nəticələrinin dövrün aktual və mühüm ailə problemlərindən biri olduğu nəzərə alınaraq beynəlxalq təcrübə öyrənilmiş və ABŞ-ın 24 ştatında, Çində, Cənubi Koreyada, Türkiyədə, Estoniyada, Ukraynada, Tacikistanda və Gürcüstanda baba və (və ya) nənəsi ümumi olan şəxslər arasında nikahın bağlanmasının qadağan edildiyi məlum olmuşdur.
Bununla əlaqədar qohumlar arasında bağlanan nikahın doğura biləcəyi fəsadlarla bağlı ictimaiyyətin rəyi öyrənilərək baba və (və ya) nənəsi ümumi olan şəxslər arasında nikahın bağlanmasına yol verilməməsi məqsədilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12-ci maddəsində müvafiq dəyişiklik edilməsi təklif olunur.