Fransa Prezidenti Emmanuel Makron Qrenlandiya ətrafındakı vəziyyəti Avropa üçün strateji və narahatlıq doğuran bir siqnal adlandırıb.
Makron qeyd edib ki, Avropa İttifaqı 2026-cı ildə Arktika strategiyasını yenidən gözdən keçirməlidir.
Prezident bildirib ki, vəziyyət Avropanın suverenliyinin qorunması, Arktikanın təhlükəsizliyi, xarici müdaxilələrin və dezinformasiyanın qarşısının alınması, iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf üzrə üstün tərəfdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Makron həmçinin 2023-cü ildə Avropa İttifaqı ilə Qrenlandiya arasında imzalanmış strateji tərəfdaşlığın sürətləndirilməsini təklif edib. Bu tərəfdaşlıq strateji xammal sahəsində əməkdaşlığın inkişafını təmin edəcək.
Danimarka Baş naziri Mette Frederiksen bildirib ki, dünya mövcud beynəlxalq qaydaların təzyiq altında olduğu bir dönəmdən keçir və Avropa daha güclü olmalıdır. O vurğulayıb ki, Avropa vahid olduqda və demokratik dəyərlərə kompromissiz yanaşdıqda, xarici təzyiqlərə baxmayaraq, özünü müdafiə edə və birlikdə irəliləyə bilər.
Qrenlandiya Baş naziri Jens-Frederik Nielsen isə Fransanın Qrenlandiyanın suverenliyini dəstəklədiyi üçün təşəkkür edib və regionun Parislə ticarət, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 21-də NATO Baş katibi Mark Rutte ilə görüşdən sonra Qrenlandiya ilə bağlı razılaşma konturlarının ortaya çıxdığını açıqlayıb. Layihəyə görə, Danimarkanın suverenliyi qorunacaq, lakin ABŞ NATO ilə razılaşma çərçivəsində orada hərbi bazalar qura biləcək.
Bildirilib ki, Fransa 6 fevralda Qrenlandiyanın paytaxtı Nuukda Baş Konsulluğunu açacaq. Xarici İşlər Naziri Jean-Noël Barro bu addımı ABŞ-a qarşı siyasi siqnal adlandırıb.
Mənbə: mail.ru
