Bugun.tv xəbər verir ki, Quba şəhərində “Əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” adlı layihəsinin dəstəyi ilə dəyirmi masa təşkil olunub. Dəyirmi masa “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində dördüncü dəfədir ki, gerçəkləşdirilir.
Tədbirdə övlət qurumlarının, sosial, səhiyyə, məşğulluq, təhsil, icra hakimiyyətinin əməkdaşları, Qusar, Xaçmaz rayonlarının dövlət qurumlarının təmsilçiləri iştirak ediblər. Dəyirmi masada müxtəlif hökümət, qeyri-hökümət və biznes təşkilatlarının iştirakı ilə maraqlı müzakirələr aparılıb. İştirakçılar tərəfindən altı aylıq müddətdə görülən işlərin slayd formatında təqdimatı keçirilib.Bu barədə media nümayəndələrinə “Əlil Qadınlar Cəmiyyəti”nin mətbuat katibi Elnarə Dərziyeva məlumat verib. “Dəyirmi masanın həyata keçirilməsində məqsəd dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarının iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı olan zorakılıq hallarının qarşısının alınması, onlar üçün icitmai xidmətlərdə müyəssərliyinin və keyfiyyətin yaxşılaşdırılmasıdır” – deyə, o, bildirib.
Dəyirmi masaya eyni zamanda Quba Rayon İcra Hakimiyyətinin əməkdaşı Əhməd Nurullayev, Əlil Qadınlar Cəmiyyəti İB-nin Koordinasiya Şurasının sədri Nəhayət Şirinova, regionun ali təhsil ocağı olan ADPU-nun Quba filialının əməkdaşları, Humanitar və sosial elmlər fakültəsinin dekanı s.m.i.e. Mürvət Əliyev, Riyaziyyat və təbiət elmləri fakültəsinin dekan s.m.i.e. Nübar Bayramova, icmaların üzvləri, layihənin Xaçmaz rayonu üzrə əlaqələndiricisi Lalə Rəhmətullayeva, Qusar rayonu üzrə əlaqələndirici Sara Əliyarova da qatılıblar.“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova layihənin fəaliyyəti zamanı görülən işlərin nəticələri, həyata keçirilən tədbirlərdən, həllini tapmış problemlərdən, əlilliyi olan qız və qadınlara dəstəyi əks etdirən slayd təqdimat ilə ətraflı məlumat verib.
Sonra Koordinasiya Şurasının sədri Nəhayət Şirinovanın region üzrə görülən işlərin təqdimatı dinlənilib. Dövlət qurumlarının əməkdaşları ilə birgə görülən işlər, həllini tapan sahələr, nəticə etibarı ilə əlil qadınlara göstərilən xidmətlər barədə dəyirmi masa iştirakçılarına əhatəli məlumat təqdim edib.
Layihə üzrə əlilliyi olan qadın və qızlara seminarların keçirilməsi üzrə təlimçi, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə seminarların nəticələri, əlilliyi olan qadınların öz hüquqlarını bilmələri, problemlərin həllində özlərinin fəallıq göstərmələrinin müsbət göstəricilərindən danışdı. Qusar və Xaçmaz rayonlarının koordinatorlarının hesabatları dinlənilib. Koordinasiya şurasının digər üzvləri tərəfindən birgə əməkdaşlığın müsbət nəticələri, görülən işlər haqqında hesabat təqdim edilib, birgə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı təklifləri dinlənilib.
Tədbirdə əlil qadın və qızların ictimai yerlərdə qarşılaşdıqları problemlər, onlara qarşı ayrıseçkilik və onların həlli yolları barədə iştirakçılar tərəfindən geniş müzakirələr aparıblar. Müzakirələrdə əlilliyi olan qadınlara qarşı həssas yanaşma, davranış qaydaları, onların qarşılaşdıqları problemlərin tez zamanda aradan qaldırılması kimi məsələlərə toxunulub. Əlilliyi olan qadınlara və qızlara “PROBLEMSİZ HƏYAT” devizi ilə, yaranan problemlərin həllində dəstək olmağın önəmliliyi vurğulanıb.
Dəyirmi masada Quba, Qusar, Xaçmaz rayonlarının dövlət qurumlarının təmsilçiləri olan 35 nümayəndəsi iştirak edib.