Bugun.tv xəbər verir ki, qulaq-burun-boğaz həkimi Anton Rzayev çimərkən və ya baş yuyarkən qulağa su düşdükdə nə etmək lazım olduğunu açıqlayıb.
“Zdorovye Mail”ə danışan mütəxəssisin sözlərinə görə, açıq su hövzələrində, hovuzda çimərkən və ya baş yuyarkən qulağa su düşməsi tez-tez baş verir. Əsas məsələ suyun qulaqda uzun müddət qalmamasıdır.
Həkim suyu çıxarmaq üçün başı 90 dərəcə yana əyməyi və dəsmala bükülmüş şəhadət barmağı ilə xarici qulaq kanalının girişinə yüngül şəkildə təzyiq etməyi tövsiyə edir. Eyni hərəkət digər qulaq üçün də təkrarlana bilər.
Lakin bəzi hallarda suyu çıxarmaq mümkün olmur. Həkim bunun səbəblərindən birinin qulaq kanalında çoxlu qulaq kirinin olması olduğunu bildirib. Belə vəziyyətdə 1–2 gün ərzində həkimə müraciət etmək tövsiyə olunur. Əks halda xarici qulaq iltihabı yarana bilər.
Mütəxəssis suyu çıxarmaq üçün qulaq çöpündən istifadə etməməyi də məsləhət görüb. Onun sözlərinə görə, bu, qulaq kanalının zədələnməsinə səbəb ola bilər.
Qulaqda kəskin və ya xroniki iltihab varsa, su ilə təmasdan tamamilə uzaq durmaq lazımdır. Bu halda üzmək və suya baş vurmaq olmaz, baş yuyarkən isə qulaq qorunmalıdır.
Həkim xüsusi silikon qulaq tıxaclarının da tam etibarlı olmadığını bildirib. Onların suyun qulağa daxil olmasının qarşısını tam təmin etmədiyi və üzərində bakteriyaların qala biləcəyi qeyd olunur. Bu isə təkrar istifadə zamanı iltihab riskini artıra bilər.
Mənbə: “Zdorovye Mail”
