Son zamanlar azyaşlılarda qurd xəstəliyinə yoluxma sayı artıb. Ən çox yayılan qurd növü isə uşaqlar arasında enterobioz, böyüklər arasında lyamblyozdur.
Bugun.tv həkim-infeksionist Dürdanə Kazımova ilə bu mövzuda söhbət aparıb. Onun sözlərinə görə, bu qurdlar öd yollarında olur. Askaridoz isə ən cox yayılmış qurd xəstəliklərindəndir. “Daha çox şəxsi gigiyenaya əməl edə bilməyən 12 yaşına qədər olan uşaqlarda rast gəlinir. Onlarda enterebioz da çox olur. Qurd xəstəliklərinin 200-ə qədər növü mövcuddur. Hər birinin fərqli yoluxma forması var. Məsələn, it pişiklərlə təmasda olan insanlarda exinokokk xəstəliyi daha çox olur. O öd, qara ciyər və ağ ciyərə kimi gedib çıxa bilər. Çox çətin müalicə olunan qurdlardan sayılır. Əməliyyat yolu ilə çıxardılır. Qurdun növündən asılı olaraq müalicə novləri də fərqli olur. Müalicəsi çətin olan qurd xəstəliklərindən biri də teniarinxozdur. Mənşəyi öküz soliteridir. Çiy ətdən yaranır. Bağırsaqlarda öz- özünə artır. Çoxaldıqca insanlar daha çox yemək yeməyə meyilli olur. Çünki aclıq hissi yaradır və bədən yemək tələb edir”.
Yoluxmuş uşaqlar çox yeyirlər, yedikcə də arıqlayırlar. Çünki qurdlar da onunla qidalanır, çoxalır və öz-özünə bədəndən çıxır. Exnakokun müalicəsi bir neçə aylarla çəkə bilər. Lyamblyozun müalicəsi öd yollarında olduğuna görə 4 kursa qədər müalicəsi davam edir.
Həkim-infeksionistin sözlərinə görə, qurd xəstəliyi körpə uşaqlarda səhər saatlarında ürəkbulanma, iştahsızlıq, əsəbilik, dəridə səpkilər, göbək ətrafında sancılarla müşahidə olunur. Bəzi uşaqlarda isə bu, yatanda ağızdan su, nəfəsdən xoşagəlməz qoxunun gəlməsi, sinir problemi olan uşaqlarda isə qıcolma ilə özünü biruzə verir. Qurd xəstəliyi olan uşaqların rəngindən də bunu aydın görmək olar. Bu halda, dəri çox solğun görünür. Çünki qurd xəstəliyi qan azlığının, yəni anemiyanın yaranmasına və dəmir yetməzliyinə səbəb olur.
“Belə xəstəliklərin fəsadları da var. Bağırsaq keçməzliyi də (qəbizlik) verə bilir. Çünki qurd kisə şəklində gəlib bağırsağın mənfəzini tutur, kütlənin keçməsinə mane olur. Ona görə də bağırsaqlarda, qarın boşluğunda şiddətli spazmlar baş verir”,- həkim-infeksionist əlavə edib.