10 C
Baku
12 Dekabr 2024, 23:51
Digər

Qüsurlar haradan qaynaqlanır?!

Məlumdur ki, həyatda yazılmış qanunlar var və bunların tənzimlənməsində Azərbaycan Respublikası Konstitusiyası, Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəlləsi və Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq hüquq müvaqilələrinə istinad olunur.Əlbəttə, yazılmamış qanunlar da mövcuddur ki, onlar insanların formalaşmasında müstəsna rol oynayır. Belə bir sual ortaya çıxır ki:” Nədir bu yazılmamış qanunlar və biz vətəndaş olaraq ona riayət edirikmi?! ” Yazılmamış qanunlar bizə ata-babalarımızdan, əcadlarımızdan miras qalıb.

Qədimdə böyük olan yerdə kiçik söz deməzdi, hər evin, hər ocağın yuxarı başında mütləq bir ağsaqqal, ya da ağbirçək oturardı. Süfrə ətrafında mütləq şəkildə birgə əyləşər, dualar edər və xoşbəxtliklə yemək yeyərdilər. Geyimə də o zamanlar çox ciddi diqqət edilərdi. Hər kəs elə geyinlərdi ki, kimsə onda bir səhv tutmazdı. Ağsaqqalın işlətdiyi ifadələr tərbiyəvi xarakteri ilə seçilərdi.

Övladlara vətən haqqında söhbət açar, onlara torpağın dəyəri olduğunu, onu qorumağın vacibliyini, azadlığı uğrunda neçə-neçə ərənlərin canlarından keçdiklərini və ya öz sağlamlıqlarını itirdiklərini qürurla danışardılar.

Etiraf etməliyik ki, əvvəllər ağsaqqallara, ağbirçəklərə hörmət daha yüksək idi. Böyük olan məclisdə kiçiklər heç zaman özbaşınalıq etməzdilər. Hər kəs öz yerini bilərdi. Ona görə də hər şey yerli- yerində idi.

 Amma…

Amma indi elə bir hər şeyin mizanı dəyişib. Adət-ənənəyə nə qədər əməl olunmağa çalışılsa da, münasibətlərdə bir biganəlik, soyuqluq yaşanmaqdadır. Gənclərimiz çox vaxt böyüklərini dinlədikləri bəs deyilmiş kimi, onları nəqliyyat vasitələrində görərkən yerlərini verməyi belə düşünmək istəmirlər. İş o yerə çatıb ki, bəzi gənclər yaşlı nəslin nümayəndəsi ilə ağzında saqqızla danışırlar. Geyimlərimiz öz əndazəsini çoxdan aşıb. Əksəriyyəti bunu Avropaya uyğunlaşmağımızla izah edirlər. Tamamilə yalnış fikirdir. Milli- mənəvi dəyərlərimizi heç bir “inkişafa” qurban verməməliyik. Təhsil, mədəniyyət, iqtisadiyyat, sənaye və həyatımızın digər sahələrində Avropa ilə ayaqlaşmaq istəyimiz nə qədər alqışa layiqdirsə, xarici görkəmimizi ifrat dərəcədə dəyişməyimiz də bir o qədər xəcalət doğruducudur. Bunun üçün də insanlarımızı, əsasən də gənclərimizi maarifləndirmək xüsusilə vacibdir. Bu məqsədlə KİV-də müxtəlif yazılar, televiziyalarda rəngarəng, dolğun verilişlər hazırlanmalıdır.

Burda bir məqam da unudulmamalıdır. Maarifləndirici verlişlərə öz yaşayış və davranış tərzinə görə örnək olan şəxslər dəvət edilməlidir. Əks təqdirdə o proqramları izləyənlər heç bir ibrət götürməz, asudə vaxtlarını boş yerə itirdiklərinə təəssüflənərlər.

Əgər yaşı 50- ni keçmiş qadın dar şalvarda sinəsi açıq şəhərin mərkəzində ərzi-əndam edirsə, ekranlara çıxıb özünü gülməli vəziyyətə salan ağsaqqalların sayı günü-gündən artırsa torpaqlarımızın itirilmə və geri qaytarılma tarixini belə bilmirsə, ərli qadın özünə sosial şəbəkələrdə “sevgili” “dərd ortağı”, xanım müğənnilər özlərinə “sponsor” ya da “Həci” axtarırsa, şəhidlirimiz sadəcə 20 Yanvar və 26 Fevralda xatırlanırsa, onda biz niyə gəncləri qınaq obyektinə tuş gətirməliyik ki?! Sizcə, bu, haqsızlıq olmazmı?!

İlk növbədə mütləq yaşlı nəsil özünü düzəltməli, sonra gənclərimizi düz yola çağırmalıdır. Burda yalnız yaşlı nəsli qınamaq da doğru olmazdı. Gənclərimiz də həyatı düzgün anlamalı, öz gələcəklərini əsl insan kimi qurmalıdırlar. Elə bu səbəbdən də yuxarıda qeyd etdiyimiz kimi onlarla tərbiyəvi söhbətlər aparılmalı, milli dəyərlərimizi təbliğ edən verilişlər hazırlanmalıdır. Bundan əlavə, gənclərimizdə bir az düşünmə qabiliyyəti olmalıdır. Həmişə yaxşılardan dərs götürməli, pislərdən uzaq durmalıdırlar. Elə ailə tanıyırıq ki, çox ədəbli, qanacaqlı olsa da övladlar naxələfdir. Bəs burda valideynin təqsiri nədir?!

İnsan çox vaxt unutqan olur. Bununla belə o, yeniliklərə biganə qala bilmir. Ancaq yaşayış tərzini dəyişmək “köhnəni” unutmaq bahasına başa gəlməməlidir. Bir məsəl də deyildiyi kimi ” Keçmişinə güllə atsan, gələcək səni topa tutar”. Bugünkü gənclərimiz vaxt gələcək hazırda dəyər vermədikləri qocaların yerini tutacaqlar. Onlar elə yaşamalıdırlar ki, irəlidə yeniyetmələrə öyüd verərkən arxada qoyduqları ömür karvanını qürurla xatırlamağa mənəvi haqları çatsın…!

Gülnar Azəri / Jurnalist, Bloqqer

Bugün TV

Oxşar xəbərlər

Yaz günəşindən necə qorunaq? – KOSMETOLOQ MƏSLƏHƏTİ

Kəmalə Sultan

Sürücü dava edərkən motosikleti oğurlandı – FOTO

Bugün TV

Şimali İraqda hava əməliyyatı! 31 hədəf vuruldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu