BMT Baş Katibi Antonio Quterreş bildirib ki, Yaxın Şərqdə baş verən münaqişə nəzarətdən çıxıb və artıq çox irəliləyib. O, dünyanı daha genişmiqyaslı qarşıdurma, insan əziyyətlərinin artması və qlobal iqtisadi şok təhlükəsi gözlədiyini qeyd edib.
“Konflikt hətta liderlərin təsəvvür edə bilmədiyi həddə çatıb. Bu artıq çox irəliləyib. Eskalasiyanın pillələrini daha da qalxmaqdan imtina edib, diplomatik pillələr üzrə irəliləmək və beynəlxalq hüquqa tam hörmətlə yanaşmaq vaxtıdır”, – deyə Quterreş vurğulayıb.
Baş Katib münaqişədə əsas tərəflərə ayrıca müraciət edib: ABŞ və İsraildən dərhal müharibəni dayandırmağı, İrandan qonşu ölkələrə hücumları dayandırmağı və Livanda döyüş əməliyyatlarını sonlandırmağı tələb edib.
Quterreş xüsusilə Hormuz boğazının bağlanmasının neft, qaz və gübrə tədarükünü boğduğunu vurğulayıb. O, bunun qlobal əkilmə mövsümündə kritik bir vaxtda baş verdiyini qeyd edib və müharibənin nəticələrinin ən çox kasıblar və həssas insanlara təsir etdiyini bildirib.
Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İran əleyhinə hərbi kampaniyaya başlayıb. Hücumlara Tehran da daxil olmaqla iri şəhərlər məruz qalıb. İran İnqilab Keşikçiləri Korpusunun (elitar hərbi qüvvələr) nümayəndələri İsrailə genişmiqyaslı cavab əməliyyatı həyata keçiriblər. ABŞ obyektləri isə Bəhreyn, İordaniya, Qatar, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında vurulub.
11 martda İran Silahlı Qüvvələrinin mərkəzi qərargahı “Xatəm əl-Ənbiya”nın nümayəndəsi xəbərdarlıq edib ki, İran Respublikası ABŞ və onun müttəfiqlərinə aid neft yüklərinin Hormuz boğazından daşınmasına imkan verməyəcək. 15 martda isə Təhəran bütün vasitələrdən, o cümlədən gəmilərin hərəkətinə nəzarətdən istifadə edərək rəqibi təslim olmağa məcbur edəcəyini açıqlayıb.
Mənbə: mail.ru
