Bugun.tv xəbər verir ki, İsrailin hücumları nəticəsində əzalarını itirmiş qadınlardan ibarət Qəzza Qadın Amputant Futbol Komandası bütün çətinliklərə və blokadaya baxmayaraq fəaliyyətini davam etdirir.
Komanda üzvləri gələcəkdə beynəlxalq turnirlərdə iştirak edərək Fələstin bayrağını dalğalandırmağı hədəfləyirlər.
Qəzzanın mərkəzində yerləşən Deyr əl-Bələh şəhərində məşqlərini davam etdirən komanda Fələstində yaradılan ilk qadın amputant futbol komandası hesab olunur. İdmançılar bildirirlər ki, futbol onlara həm fiziki, həm də psixoloji baxımdan həyata yenidən bağlanmağa kömək edir.
Komandanın üzvlərindən olan 24 yaşlı Ruzan Xayra 2023-cü ildə İsrail hücumları zamanı ayağını itirib. O bildirib ki, zədəsinə baxmayaraq idmana olan sevgisi daha da güclənib.
“İsrail bəlkə də ayağımı itirdikdən sonra dayanacağımı düşündü. Amma əksinə, bu həvəs içimdə daha da böyüdü. Tək ayaqla da olsa dünyaya meydan oxuya biləcəyimi hiss etdim. Amputasiya həyatın sonu deyil, yeni imkanların başlanğıcıdır”, – deyə o vurğulayıb.
Ruzan Xayra beynəlxalq çempionatlarda iştirak etməyi və Fələstin bayrağını təmsil etməyi ən böyük arzusu adlandırıb. O qeyd edib ki, Qəzzadakı dağıntılar və davam edən blokada səbəbindən komanda bu il beynəlxalq yarışlara qatıla bilməyib.
Komandanın rəhbəri Aya əl-Osmani isə layihənin əsas məqsədinin amputasiya olunmuş qadınlara sosial və psixoloji dəstək göstərmək olduğunu bildirib. Onun sözlərinə görə, qadınlar müntəzəm məşqlər vasitəsilə bacarıqlarını inkişaf etdirir və gələcəkdə daha yüksək səviyyəli yarışlarda iştirak etməyə hazırlaşırlar.
Osmani qeyd edib ki, Qəzzada amputasiya olunmuş qadınlar ciddi sosial çətinliklərlə üzləşirlər və bu təşəbbüs onların cəmiyyətə inteqrasiyasına dəstək vermək məqsədi daşıyır.
Mənbə: Anadolu Agentliyi
