Fələstin torpaqlarını ələ keçirən israillilər işğal altındakı İordan çayının qərb sahilində Ramallahın şərqindəki Ayn Samiya su quyularına hücum edib.
Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, Ramallahın şimal-şərqindəki Kefr Malik qəsəbəsinin şərqində yerləşən Ayn Samiya quyularının texniki avadanlıqları İsrailin hücumları nəticəsində ciddi ziyan görüb.
Səhər tezdən hücum zamanı fanatik israillilər su stansiyalarından birinin qapısını qoparıb, onu oğurlayıb və yaxınlıqdakı təhlükəsizlik kameralarını zədələyiblər.
Bildirilib ki, dağıntılar məsafədən əlaqəni və quyulara nəzarəti pozub.
Qüds Su İdarəsi hücumla bağlı yazılı açıqlama verərək, aramsız hücumlarla bağlı İsrail səlahiyyətlilərinə şikayət etmələrinə baxmayaraq, lazımi tədbirlərin görülmədiyini bildirib. Hücumlar dayandırılmasa, bölgədə “əsl fəlakət baş verəcək” xəbərdarlığı edilib.
Hücuma məruz qalan su quyuları və paylayıcı mərkəz strateji əhəmiyyətə malikdir və regionun onlarla kənd və qəsəbəsini su ilə təmin edir.
Fələstin torpaqlarını ələ keçirən israillilər ötən həftə də Ayn Samiya quyularına oxşar hücumlar həyata keçiriblər.
Mənbə: HaberGlobal
