Bugun.tv-yə daxil olan məlumata görə, Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial media hesabında Ramazan ayının son günləri ilə bağlı öz tövsiyələrini paylaşıb.
Ceyhun Məmmədov bildirib ki, artıq Ramazan ayının yarısı geridə qalıb və möminlər bu mübarək ayın son günlərinin xeyir və bərəkətindən daha çox yararlanmağa çalışmalıdırlar. Onun sözlərinə görə, insanlar bu günlərdə daha çox dua etməli, eyni zamanda imkan daxilində ehtiyacı olan şəxslərə dəstək göstərməlidirlər.
Deputat qeyd edib ki, Ramazan ayı birlik, həmrəylik və mərhəmət ayıdır. O, insanları bölücülükdən, təfriqədən və bir-birinə qarşı mənfi münasibətdən uzaq olmağa çağırıb.
“Çalışaq müsəlman qardaş və bacılarımıza qarşı xoş münasibət göstərək, birliyimizi və həmrəyliyimizi qoruyan davranışlara üstünlük verək”, – deyə deputat vurğulayıb.
Ceyhun Məmmədov paylaşımında Allahdan bütün oruc və duaların qəbul olunmasını diləyib, eyni zamanda dövlətin, xalqın və ölkə rəhbərliyinin qorunması üçün dua edib. O, həmçinin şəhidlərə rəhmət, yaralı qazilərə isə şəfa arzulayıb.
