Bugun.tv xəbər verir ki, Çində insanabənzər və dördayaqlı robotların mürəkkəb dağ şəraitində imkanlarını yoxlamaq məqsədilə qeyri-adi yarış təşkil olunur. Yarış Çinin Şandun əyalətində yerləşən Tayşan dağında keçirilir.
“Bastille Post” nəşrinin məlumatına görə, ilk CMG Dünya Robotlarının Tayşan Dağına Dırmanma Yarışının seçmə mərhələsi oktyabrın 26-da baş tutub. Robotlar Hongmen meydanından başlayaraq Zhongtianmen istiqamətində uzanan təxminən 3,8 kilometrlik marşrutu qət etməlidirlər. Bu yol boyunca 3 100-dən çox daş pillə, dik yoxuşlar və döngələr var.
Yarış zamanı robotların tarazlığı qorumaq, maneələri müəyyənləşdirmək, hərəkət istiqamətini müstəqil seçmək və mürəkkəb səthlərdə sabit hərəkət etmək bacarıqları sınaqdan keçirilir. Zhishen Technology şirkətinin hazırladığı dördayaqlı robotlardan biri marşrutu təxminən bir saata tamamlayıb.
“China Minutes” nəşrinin məlumatına görə, yağışlı hava və sürüşkən pillələr səbəbindən insanabənzər robotların yarış mərhələsi təhlükəsizlik məqsədilə ləğv edilib. Digər robotların sınaqları isə davam edib.
Yarış robotların real şəraitdə işləmək imkanlarını qiymətləndirməyə, onların gələcəkdə yükdaşıma və ərazilərin yoxlanılması kimi işlərdə istifadəsini təkmilləşdirməyə kömək edə bilər. Final mərhələsinin noyabrın 2-də keçirilməsi planlaşdırılır.
Mənbə: mail.ru
