Rusiyalı kosmonavtlar Aleksandr Qrebenkin və onun dublyoru Aleksandr Qorbunovun “Crew Dragon” gəmisinin heyətində Beynəlxalq Kosmik Stansiyasına uçuşuna razılıq verilib.
Bugun.tv Yuri Qaqarin adına Kosmonavtların Hazırlıq Mərkəzinin məlumatına istinadla xəbər verir ki, komissiya səhhətlərinin vəziyyətinə görə onları yararlı hesab edib. Tibbi komissiyanın tərkibinə Kosmonavtların Hazırlıq Mərkəzinin təmsilçiləri, Federal Tibbi-Bioloji Agentliyin, Rusiya Elmlər Akademiyasının Tibb-Bioloji Problemlər İnstitutunun, Rusiyanın səhiyyə və müdafiə nazirliklərinin təmsilçiləri daxildirlər.
Cari il martın 1-də Roskosmosda Beynəlxalq Kosmik Stansiyasına çarpaz uçuşlar barədə ABŞ-la sazişin genişləndirildiyi bildirilib. Roskosmos və NASA rusiyalı kosmonavtın “Crew Dragon” gəmisində stansiyaya əlavə uçuşunu razılaşdırıb. Xəbər verilib ki, Aleksandr Qrebenkin “Crew-8” missiyası ekipajının tərkibində 2024-cü ilin birinci yarısında Beynəlxalq Kosmik Stansiyasına yollanmalıdır. NASA ilə əlavə razılaşma 2025-ci ilədək Beynəlxalq Kosmik Stansiyasına daha iki çarpaz uçuşu nəzərdə tutur.
2022-ci ilin iyulunda Beynəlxalq Kosmik Stansiyasının proqramı çərçivəsində Roskosmos və NASA üç rusiyalı kosmonavtın “Crew Dragon” pilotlu gəmilərində və üç amerikalı astronavtın Rusiyanın “Soyuz MS” pilotlu gəmilərində 2022-2024-cü illərdə çarpaz uçuşları barədə saziş imzalayıblar.