Russia ilə Ukraine arasında 600 əsir hərbçinin mübadiləsi baş tutub.
Məlumata görə, Rusiya Müdafiə Nazirliyi tərəfindən yayılan açıqlamada bildirilib ki, Kiyevin nəzarətində olan ərazilərdən 300 rus hərbçisi ölkəyə qaytarılıb. Bunun müqabilində isə 300 ukraynalı hərbçi qarşı tərəfə təhvil verilib.
Açıqlamada qeyd olunub ki, əsir mübadiləsi Birləşmiş Ərəb Əmirlikləri və Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə həyata keçirilib. Azad edilən hərbçilərin hazırda Belarus ərazisində olduğu və daha sonra Rusiyaya aparılacağı bildirilib.
Son əsir mübadiləsi ilə bağlı açıqlama verən Ukrayna prezidenti Volodimir Zelenski isə qeyd edib ki, “300 ukraynalı müdafiəçi daha Rusiya əsarətindən azad edilərək evlərinə qayıdır”.
Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında dünən də əsir mübadiləsi həyata keçirilmiş və nəticədə 400 hərbçi azadlığa buraxılmışdı.
Mənbə: İLKHA
