Rusiya-Ukrayna müharibəsi fonunda Rusiya Müdafiə Nazirliyi Ukrayna ərazisində növbəti irəliləyişlə bağlı məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Rusiya Silahlı Qüvvələri Xarkov vilayəti istiqamətində yerləşən Şevyakovka yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirib. Bildirilir ki, cəbhə xəttinin müxtəlif istiqamətlərində irəliləyiş qeydə alınıb.
Rəsmi məlumatda həmçinin qeyd olunur ki, gecə saatlarından etibarən Ukraynaya məxsus 182 pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Bu PUA-ların bir hissəsi Moskva və digər bölgələr üzərində məhv edilib.
Moskva meri Sergey Sobyanin bildirib ki, paytaxt bölgəsində 27 PUA vurulub. Onun sözlərinə görə, qalıqların düşməsi nəticəsində Klenovo kəndində bir evdə yanğın baş verib və bir nəfər xəsarət alıb.
Eyni zamanda, Aleksandr Drozdenko Leninqrad vilayətində 20-dən çox PUA-nın zərərsizləşdirildiyini açıqlayıb.
Qeyd edək ki, Yaxın Şərqdə baş verən son hadisələrə baxmayaraq, Rusiya ilə Ukrayna arasında hərbi toqquşmalar davam edir.
Mənbə: Ensonhaber
