Bakıda keçirilən “Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüşdə” iştirak etmək məqsədilə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Hərbi Polis İdarəsi rəisinin müavini general-mayor Vitaliy Koxun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Qonaqlar əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzərək xatirələrinə ehtiram nümayiş etdiriblər.
Sonra Hərbi Polis İdarəsinə gələn Rusiya nümayəndə heyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin idarənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri qoyaraq xatirəsini hörmət və ehtiramla anıb.
Hər iki ölkənin nümayəndə heyətinin iştirakı ilə keçirilən görüşdə qonaqlara Hərbi Polis İdarəsinin tarixi və gündəlik fəaliyyəti, maddi-texniki təchizat və təlim proqramı barədə brifinq təqdim olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rusiya nümayəndə heyəti, həmçinin hərbi polis bölmələrinin istifadəsində olan müasir silah və texnika, inzibati bina, idman zalı və avtomobil parkı ilə tanış olub.
Daha sonra xatirə kitabına ürək sözləri yazılıb.
Rusiyalı qonaqlar səfər çərçivəsində Hərbi Polis İdarəsinin tabeliyində olan “N” hərbi hissəsini ziyarət edib, təlim poliqonunda hərbi polis bölmələrinin yaşayış məntəqəsi və hərbi obyektlərdə axtarış-xilasetmə fəaliyyəti, silahlıların zərərsizləşdirilməsi və hərbi əsirlərin təxliyə olunması üzrə nümayiş məşğələsini izləyiblər.
Mənbə: Müdafiə Nazirliyi