İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin sürgündə yaşayan oğlu Rza Pəhləvi İsrailin The Jerusalem Post qəzetinə müsahibəsində İran rejimi və İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı beynəlxalq ictimaiyyətdən dəstək istəyib.
O bildirib ki, İranda baş verən son etirazlar əvvəlkilərlə müqayisədə daha genişmiqyaslı və sistemə qarşı yönəlib.
Pəhləvinin sözlərinə görə, 2025-ci ilin dekabrının sonu – 2026-cı ilin yanvarının əvvəlində milyonlarla iranlı həyat bahalığına və mövcud siyasi sistemə etiraz edərək küçələrə çıxıb. O, Tahran rəhbərliyinin əvvəlkindən daha zəif olduğunu, cəmiyyətin isə daha təşkilatlanmış formada çıxış etdiyini iddia edib və 8–9 yanvar tarixlərində etirazların pik həddə çatdığını bildirib.
Rza Pəhləvi rejimin etirazçılara qarşı zorakılıq tətbiq etdiyini vurğulayaraq, “İndi beynəlxalq ictimaiyyətin iranlılara yardım etməsinin vaxtıdır” deyib. Onun fikrincə, İran xalqına həm humanitar, həm də strateji baxımdan dəstək göstərilməsi qlobal təhlükəsizlik baxımından əhəmiyyət daşıyır. Pəhləvi, nümayişlər zamanı ölənlərin sayının 7 oktyabr hadisələri ilə müqayisədə 30 dəfə, 11 sentyabr hücumlarından isə 11 dəfə çox olduğunu iddia edib.
İranda hökumət əleyhinə etirazlar 28 dekabr 2025-ci ildə milli valyutanın dəyərdən düşməsi və iqtisadi böhranın dərinləşməsi fonunda başlayıb. Paytaxt Tehranda baş verən toqquşmalardan sonra internetə çıxış müvəqqəti olaraq məhdudlaşdırılıb. Rəsmi qurumların məlumatına görə, etirazlar zamanı 3 mindən çox insan həyatını itirib, müstəqil mənbələr isə ölənlərin sayının daha yüksək olduğunu bildirir.
Mənbə: Ensonhaber
