Bugun.tv xəbər verir ki, Səbuhi Əsədov Azər oğlu 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olub. O 27 sentyabr Vətən Müharibəsinin başlaması ilə cəbhənin Tərtər istiqamətində Talış və Suqovuşan uğrunda gedən döyüşlərə qatılmışdır. 10 oktyabr 2020-ci ildə isə Suqovuşan istiqamətində şəhid olmuşdur.
Səbuhinin anası Cahan xanımın sözlərinə görə, oğlu istedadlı uşaq idi. Səbuhi bir çox şeirlərin müəllifidir. Onun haqqında iki kitab -“Səbuhi Əsədov” və “Vətən oğlu” kitabları işıq üzü görüb.
Hazırda şəhidimizin yeni şeirləri ailəsi tərəfindən tapılıb və yaxın vaxtlarda “Haqq şairi” kitabında ictimaiyyətə təqdim olunacaq.
Cahan xanım bizə – Bugun.tv saytına oğlunun tapılan yeni şeirlərindən birini hədiyyə də etdi:
Sözdür bu dünyada həm son, həm əzəl,
Düşünən beyin söz, həm baş, həm də əl.
Qala da bir sözdür, kəlmədir heykəl.
Cavabdehik ağızdan çıxan sözə,
Gəlin dəyər verək biz ulu sözə.
Söz var ki, min yaraya məlhəmdir,
Söz də var dərd kimidir, ələmdir,
Sözün dostu kağız ilə qələmdir.
Cavabdehik ağızdan çıxan sözə,
Gəlin dəyər verək biz ulu sözə.
Söz var ki, səhrada bir bulaqdır o,
Söz var ki, gecədə yüz çıraqdır o,
Söz də var biçində bir oraqdır o.
Cavabdehik ağızdan çıxan sözə,
Gəlin dəyər verək biz ulu sözə.
Elə söz var deyilməsi yasaqdır,
Elə söz var onu deyən qoçaqdır,
Elə söz var həqiqətdən uzaqdır.
Cavabdehik ağızdan çıxan sözə,
Gəlin dəyər verək biz ulu sözə.
Oğul odur düz danışa, düz dinə,
İgid odur sözü deyə düzünə,
Doğru deyən heç vaxt vurmaz dizinə.
Cavabdehik ağızdan çıxan sözə,
Gəlin dəyər verək biz ulu sözə.
İnsan gərək qiymət verə sözünə,
Söz bənzəyər sahibinin özünə,
Mərd heç zaman söz götürməz üzünə.
Cavabdehik ağızdan çıxan sözə,
Gəlin dəyər verək biz ulu sözə.
Söz (Müəllif: Səbuhi Əsədov) Allah rəhmət etsin!
Onu da qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Səbuhi Əsədov “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.