Yolda, ictimai nəqliyyatda məruz qaldığımız səs-küy bəs deyilmiş kimi, bəzən evdə də bunun davamını müşahidə edirik. Bu problemi bizə yaşadan isə qonşular olur. Əsas da həftəsonları, istirahət günləri dincəlib, yorğunluğun dadını çıxarmaq istəyəndə yuxarı və ya aşağı mərtəbədən gələn səs-küy buna imkan vermir.
Bugun.tv-nin araşdırmasına görə, qonşuluq münasibətləri Mülki Məcəllənin 170 və 171-ci maddələri ilə tənzimlənir.
Hüquqşünas Əkbər Məmmədovun sözlərinə görə, bir qonşu digərinin hüququnu əhəmiyyyətli dərəcədə pozursa, bu İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsi ilə tənzimlənir. “Həmin maddədə göstərilir ki, bu halda səs-küy salan ailə 150 manatdan 200 manatadək cərimə olunur. Kirayə hüququ münasibətləri zəmnində yuxarıda qonşu yaşayırsa və səs-küy salırsa, bu zaman mülkiyyətçiyə müraciət edərək, kirayə hüququ münasibətlərinə yenidən baxılmasını tələb edə bilər. Bu, gecə saat 24-dən səhər 7-yə qədər olan vaxtdır ki, bu zaman qonşular hər hansı formada səs-küy salmamalı, dava-dalaş etməməli, bir-birilərinin hüquqlarını pozan hərəkətlərdən çəkinməlidilər”,- Ə.Məmmədov bildirib.