“Ermənilərin insanlıq əleyhinə törətdiyi cinayətlərə Azərbaycan xalqı olaraq əsirlərdi ki, şahid olmuşuq. Eyni zamanda, 1918-ci ilin 31 martında azərbaycanlılara qarşı törədilmiş 10 minlərlə insanın qətli ilə nəticələnən bu soyqırım da həmin cinayətlərin bariz nümunəsidir”.
Bugun.tv-yə müsahibə verən politoloq Züriyə Qarayeva belə deyib.
“Baxmayaraq ki, bu gün erməni lobbisinin təkanı ilə bu hadisə dünyada guya türklərin ermənilərə qarşı soyqırım törətməsi kimi təbliğ edilir. Amma tarixi faktlar, araşdırmalar bunun tam əksini göstərir. Onu da deməliyəm ki, 1918-ci il bunun, sadəcə, bir nümunəsidir. O ildən əvvəlki, eyni zamanda sonraki tarixlərdə də Sumqayıt hadisələri daxil olmaqla, Xocalı, 20 Yanvar faciəsi, 1-ci və 2 ci Qarabağ müharibəsinə qədər olan dövrdə də ermənilərin mülki insanlara qarşı cinayətləri bitib-tükənməyib. Müharibə cinayətləri, mülki insanlara qarşı törədilmiş cinayətlər də bunların içərisindədir”.
Bu gün ermənilər bütün bu tarixi görməzdən gəlirlər. Azərbaycanlılara qarşı kampaniya yürütməyə çalışırlar. Z.Qarayeva deyir ki, Azərbaycan rəsmilərinin də qarşı tərəfə daim təklif etdikləri arxiv araşdırmalarına ermənilər heç vaxt qoşulmayıb. Buna baxmayaraq, həm Azərbaycanda, həm də digər ölkələrdə yerləşən arxiv məlumatları da bunu sübut edir ki, soyqırım faktları məhz, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilib.1918-ci ilin 31 martında Quba, Şamaxı, Şəki, Lənkəran, Nefçala və digər bölgələrdə Azərbaycanlılara qarşı həyata keçirilən soyqırım aktı da bu hadisələrin ən dəhşətli nümunəsidir”,- politoloq xüsusi vurğulayıb.
Müxbir: Qaytən Qasımzadə