Bugun.tv -xəbər verir ki, sabah zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınan, kasıblara əl tutan sonuncu Qarabağ xanının qızı Xurşidbanu Natəvanın anım günüdür.
Şairənin vətənpərvərliyi, insansevərliyi haqqında xatirələrin birində deyilir ki, kəndlini təhqir edən qudurğan məmuru layiqincə cəzalandıran, kasıblara əl tutan, xeyriyyəçiliklə məşğul olan Xurşidbanu Natəvan bir dəfə yoxsul kişidən gül alır, güllərin qiymətini öyrənsə də bir neçə dəfə artıq pul verir. Qulluqçusu “xanım, güllərə bu qədər pul çox deyildimi”, – soruşur. Xurşidbanu Natəvan ona belə cavab verir: “Bizdə güllərə xüsusi sevgi var. Bu bir yana, o kişi yoxsuldur, qoy könlü şad olsun, bu pulları aparıb ailəsinə xərcləsin”.
Şuşanın Qəza torpaq idarəsi rəisi yanından laqeydcəsinə keçən Məşədi Nəsir adlı kəndlini ağacla vurur, bundan sonra onu döyməyə başlayır. Bunu pəncərədən görən xan qızı Xurşidbanu Natəvan cəld küçəyə çıxaraq çinovnikə şillə vurur, üstəlik əl atıb zərli paqonunu qoparır. Çinovnik ona heç nə deməyə cəsarət etmədən gedir və şəhər hakiminə şikayət edir. Xurşud xanımın cəsarəti qarşısında özünü itirən hakim deyir: “Xanım, çinovniki vurmanıza etiraz etmirəm, lakin paqonları qoparmaq dövlətə hörmətsizlik kimi qiymətləndirilə bilər”. “Nə cür qiymətləndirirsiniz, qiymətləndirin”, – Xurşidbanu Natəvan ona cavab verərək çıxıb gedir.